...

Azərbaycana xaricdən gətirilən dərmanların farmakoloji təsirinin öyrənilməsi təklif edilir

Cəmiyyət Materials 30 Yanvar 2014 15:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu ölkəyə xaricdən gətirilən dərmanların istifadə edilməmişdən əvvəl farmakoloji təsirinin öyrənilməsini təklif edir.
Azərbaycana xaricdən gətirilən dərmanların farmakoloji təsirinin öyrənilməsi təklif edilir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu ölkəyə xaricdən gətirilən dərmanların istifadə edilməmişdən əvvəl farmakoloji təsirinin öyrənilməsini təklif edir.

İnstitutun direktoru, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev Trend-ə bildirib ki, Azərbaycana gətirilən dərmanlar onların istehsal edildiyi ölkədə öyrənilir. Ancaq həmin dərmanların farmakoloji təsirlərinin Azərbaycana gətirildikdən sonra da öyrənilməsinə ehtiyac var. Çünki ölkələrdəki insanların yaşamaq qabiliyyəti, fizioloji mexanizmləri ümumən bir-birinə uyğun gəlsə də, onların bir-birindən fərqli yönləri də var: "Bəzi hallarda ABŞ-dakı insanla Azərbaycandakı insan arasında dağ qədər fərq olur. Nə olsun ki, o, insandır. Onun idarəetmə mexanizmi, yaşamaq qabiliyyəti, fizioloji mexanizmləri ümumən bir-birinə uyğun gələ bilər. Ancaq real şəkildə onlar tamamən bir-birindən fərqlənirlər".

A.Qazıyev deyib ki, bu gün ölkələrdə insanların yedikləri qidalar da bir-birindən tamamilə fərqlənir. Bu isə insanların fiziologiyasını fərqləndirən amillərdən biridir: "Qida nədir? Qida insan orqanizminin fizioloji proseslərini tənzim edir. Görün, ABŞ-da yeyilən qida ilə başqa ölkədə yeyilən qida eynidirmi? Ona görə də burada dərmanın effekti oradakı kimi olmayacaq. Bu səbəbdən xaricdən gətirilən dərmanlar Azərbaycanda tədqiq edilməlidir. Onları kor-koranə tətbiq etmək olmaz. Düzdür, qlobal əhəmiyyətli dərmanlar öyrənilir. Ancaq Argentinada da bir maddə sintez edilərkən onlar öz ekologiyalarını, təbiətlərini, qidalarını nəzərə alıblar. Bunlar fərqlidirlər. Onlar Azərbaycanda tətbiq edilərkən patologiya yaradan hallar ortaya çıxa bilər".

Alim hesab edir ki, hamilə qadınlar, yeniyetmələr üçün nəzərdə tutulan dərmanların istifadəsi zamanı daha diqqətli olmaq lazımdır. Həmin dərmanların istehsal edildiyi ölkə ilə Azərbaycan arasında olan müxtəliflik, ekologiya fərqi nəzərə alınmalıdır.

A.Qazıyevin sözlərinə görə, bu gün Azərbaycanda dərmanlara nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Ancaq bütün hallarda qeyd edilən məsələ baxımından dərmanlara nəzarət daha güclü olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti