...

"Azərbaycan vəkili" jurnalının üçüncü sayı işıq üzü görüb

Cəmiyyət Materials 5 Fevral 2014 14:35 (UTC +04:00)
“Azərbaycan vəkili” jurnalının üçüncü sayı işıq üzü görüb.
"Azərbaycan vəkili" jurnalının üçüncü sayı işıq üzü görüb

Azərbaycan, Bakı, 5 fevral /Trend/

"Azərbaycan vəkili" jurnalının üçüncü sayı işıq üzü görüb.

Azərbaycan Hüquq İslahatları Mərkəzindən (AHİM) Trend-ə verilən məlumata görə, jurnalda tanınmış hüquqşünaslar və vəkillərin vəkillik fəaliyyətinin ümumi əsasları, cinayət prosesində sübutetmə, öhdəliklərin icrasının təminatı və s. məsələlərlə bağlı məqalələri, Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyevin müsahibəsi yer alıb.

Jurnalda, həmçinin Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin qəbul etdiyi maraqlı qərarlar, ötən rüb ərzində Azərbaycan qanunvericiliyində baş vermiş mühüm yeniliklər, hüququn müxtəlif sahələri ilə bağlı yerli və beynəlxalq mətbuatda dərc olunmuş maraqlı xəbərlər, tanınmış hüquqşünasların həyat və fəaliyyəti haqqında məlumatlar dərc olunub.

İlk dəfə olaraq jurnalın 3-cü sayında "Vəkilin asudə vaxtı" adlı rubrika yaradılıb. Bu rubrikada tanınmış vəkillərin işdən kənar məşğuliyyətləri və hobbiləri haqqında məlumatlar öz əksini tapır.

"Sualınıza vəkil cavab versin" rubrikasında isə peşəkar hüquqşünasların müxtəlif hüquqi məsələlərlə bağlı vətəndaşların suallarına cavabları yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.

Jurnal "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilati dəstəyi ilə çıxmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verəcək, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti