...

Bakı Ali Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” layihəsinin rəsmi açılış mərasimi olub (FOTO)

Cəmiyyət Materials 4 Mart 2014 12:30 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində BANM və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”nin açılış mərasimi keçirilmişdir.
Bakı Ali Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” layihəsinin rəsmi açılış mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Bakı Ali Neft Məktəbində BANM və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən "Bakı Qış Neft Məktəbi"nin açılış mərasimi keçirilmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, açılış mərasimində ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fariz Rzayev, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı məlumat mərkəzinin direktoru Nikola Ulliş, layihə iştirakçıları və Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti iştirak etmişdir.

Mərasimi giriş nitqi ilə başlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu layihədə iştirak etmək üçün Almaniyanın Lüdviq Maksimillian Universiteti, Berlin Texniki Universiteti, Leypziq Universiteti və digər tanınmış universitetlərindən gəlmiş tələbələri ölkəmizdə və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə etmişdir.

Sonra layihə haqqında ətraflı məlumat verən E.Qasımov vurğulamışdır ki, bu layihənin məqsədi bilik və təcrübələrin inkişaf etdirilməsi və paylaşılması, eyni zamanda qədim tarixə, əsrarəngiz təbiətə malik olan, Avropanın və regionun enerji təhlükəsizliyi həllində önəmli rol oynayan, artıq dünyanın enerji siyasətinin tərkib hissələrindən biri olan Azərbaycanla tanışlıqdır. Daha sonra BANM-in fəaliyyət istiqamətləri və gələcək perspektivləri haqqında məlumat verən E.Qasımov bildirmişdir ki, bu ali təhsil müəssisəsinin yaranmasında məqsəd ölkəmizin inkişafında rol oynayacaq savadlı, yüksəkixtisaslı kadrlar yetişdirməkdir.

Tədbirdə çıxış edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd etmişdir ki, bilik və təcrübələrin bölüşməsi, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı baxımından bu cür layihələrin həyata keçirilməsi olduqca vacibdir. Sonra Azərbaycanın neft tarixi haqqında danışan X.Məmmədov bildirmişdir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda hasil olmuş və ilk dəfə dənizdə neft ölkəmizdə çıxarılmışdır. O vurğulamışdır ki, dünyanın neft tarixində azərbaycanlı mütəxəssislərin əvəzolunmaz yeri olmuşdur. Sibirdə, Hindistanda, Braziliyada neft yataqlarının tapılması məhz azərbaycanlı alimlərin adı ilə bağlıdır. Daha sonra X.Məmmədov Azərbaycanın Enerji Siyasəti və artıq transmilli şirkətə çevrilmiş Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən qlobal enerji layihələri haqqında ətraflı məlumat vermişdir.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fariz Rzayev öz çıxışında qeyd etmişdir ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. Bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsi olduqca önəmli məsələdir.

F.Rzayev bu məsələnin vacibliyini hər zaman diqqət mərkəzində tutan ölkə prezidenti cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatları haqqında ətraflı məlumat vermişdir.

DAAD təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Nikola Ulliş bildirmişdir ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması çox önəmli məsələdir. O, təşkilat olaraq, Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti