...

ADA Universitetində II Bahar Gənclik Festivalı keçirildi

Cəmiyyət Materials 11 Mart 2014 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend/

11 mart 2014-cü il tarixində ADA Universitetində "Coca-Cola" şirkəti ilə birgə mindən artıq insanın iştirakı ilə İkinci Bahar Gənclik Festivalı keçirildi.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, festival zamanı sərgi, konsert, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi və s. bu kimi adət-ənənələr nümayiş etdirilib. ADA tələbələri bəzədikləri Novruz xonçaları ilə "Ən yaxşı bayram xonçası" müsabiqəsində yarışıblar. Tədbir ADA Universitetində təhsil alan 40-dan çox beynəlxalq tələbə üçün Azərbaycanın adət-ənənələrinin və tarixinin tanıdılması baxımından böyük marağa səbəb olub.

Mərasim iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən "Coca-Сola Azərbaycan" şirkətinin baş meneceri Cem Becel təhsillə bağlı layihələrin dəstəklənməsinin "Coca-Cola" şirkəti üçün mühüm sosial prioritetlərdən biri olduğunu bildirib: "Bu gözəl Novruz bayramı şənliyində regionun aparıcı ali təhsil ocaqlarından biri olan ADA Universiteti ilə əməkdaşlıqdan çox məmnunuq".

Festivalda Azərbaycanın regionlarında təhsil alan 45-ə qədər şagird də iştirak edib.

ADA Universitetinin Bayraq Meydanında qurulan "Coca-Cola" səhnəsində Azərbaycanın əməkdar artisti Tünzalə ilə yanaşı, ADA Universitetinin tələbələri də əyləncəli bayram proqramı ilə çıxış ediblər.

ADA Universietinin prorektoru Fariz İsmayılzadə bildirib: "Gələcəyin liderləri olaraq hər bir gənc Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olmalı və bu dəyərlərin təbliğində maraqlı olmalıdır. ADA Universiteti olaraq biz tələbələrimizə məhz bunu aşılayırıq və bugünkü festival da bunun bariz nümunələrindəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti