Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/
Bakıda bütün avtobus dayanacaqlarında POS-terminallar quraşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, paytaxtın bütün avtobus dayanacaqlarında POS-terminalların quraşdırılması 3 ay müddətində başa çatdırılacaq: "Terminalların quraşdırılmasına may ayından başlanacaq. Bu ödəmə terminalları vasitəsi ilə vətəndaşlar həm nəqliyyat kartındakı balanslarını artıra biləcək, həm də digər kommunal ödənişləri həyata keçirə biləcəklər".
Qeyd edək ki, "Yolkart" nəqliyyat kartlarının qiyməti 3 manatdır. Ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyev isə öncə Trend-ə bildirib ki, avtobuslarda nağdsız ödəniş sisteminin (kart sistemi) tətbiqi ilə əlaqədar hazırda Bakıda 800-ə yaxın avtobusda avadanlıqlar quraşdırılıb. Yaxın zamanlarda bu aparatların bütün avtobuslarda quraşdırılması nəzərdə tutulur.