...

Vəsiyyətnamə olmadıqda miras kimlərə çatmalıdır?

Cəmiyyət Materials 25 Aprel 2014 12:23 (UTC +04:00)
Gündəlik həyatımızda insanların vərəsəliklə bağlı problemlərinə tez-tez rast gəlirik. Belə ki, əgər ölən şəxs heç bir vəsiyyətnamə qoymursa, bir çox hallarda mərhumun qohumları, yaxınları arasında mirasın kimə çatması ilə bağlı mübahisələr olur, suallar yaranır.
Vəsiyyətnamə olmadıqda miras kimlərə çatmalıdır?

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Gündəlik həyatımızda insanların vərəsəliklə bağlı problemlərinə tez-tez rast gəlirik. Belə ki, əgər ölən şəxs heç bir vəsiyyətnamə qoymursa, bir çox hallarda mərhumun qohumları, yaxınları arasında mirasın kimə çatması ilə bağlı mübahisələr olur, suallar yaranır.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi İsrafil Əlili Trend-ə bildirib ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində bu məsələyə aydınlıq gətirilir: "Belə ki, Mülki qanunvericilikdə vərəsələr növbəlilik prinsipi ilə bölünür (vəsiyyətnamə olmadıqda). Birinci növbəyə ölən şəxsin uşaqları və ya onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər aiddirlər. Qeyd etməliyəm ki, övladlığa götürən şəxslər valideynlərə, övladlığa götürülənlər də övladlığa götürən şəxsin uşaqlarına bərabər tutulurlar. İkinci növbədə ölənin bacıları və qardaşları çıxış edir. Ölənin bacısı və ya qardaşı uşaqları isə o zaman vərəsə sayılırlar ki, miras açılan zaman vərəsə olan valideynləri sağ olmasın. Onlar bu zaman valideynlərinə çatmalı olan miras payına bərabər olaraq miras alırlar. Üçüncü növbədə isə, həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin atası və anası, babanın atası və anası iştirak edirlər. Nənə və babanın atası-anası da o zaman vərəsə sayılırlar ki, miras açılan zaman ölən şəxsin nənəsi və babası sağ olmasın. Dördüncü növbədə xalalar, bibilər, dayılar və əmilər çıxış edirlər. Nəhayət beşinci növbədə isə, xala uşaqları və bibi uşaqları. Dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları çıxış edirlər".

Hüquqşünas vurğulayıb ki, əvvəlki növbənin vərəsələrindən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir: "Yəni, bu o deməkdir ki, tutaq ki, birinci növbədə olan qohumlardan bir nəfər olduqda belə digər, sonrakı növbədə olan şəxslər bu mirasdan pay almaq hüququndan məhrum olurlar. Bütün miras həmin bir nəfərə çatmalıdır. Əgər bir növbə üzrə bir neçə şəxs mövcuddursa, məsələn, ölən şəxsin həm uşağı, həm arvadı, həm də valideynləri sağdırsa onda ümumi miras payı onlar arasında bərabər bölünməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti