...

Görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayev həyatı və yaradıcılığı ilə örnək olmağa layiq bir insandır

Cəmiyyət Materials 26 Aprel 2014 20:54 (UTC +04:00)
Aprelin 26-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 106-cı ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir.
Görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayev həyatı və yaradıcılığı ilə örnək olmağa layiq bir insandır

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Aprelin 26-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 106-cı ildönümünə həsr edilmiş "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi və "Müəllim sözü" qəzetinin birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.

Tədbirdə, həmçinin "Mir Cəlalın aforizmləri" kitabının təqdimat mərasimi də olmuşdur.

Kitabda Mir Cəlal Paşayevin əsərlərindən götürülmüş aforizmlər Azərbaycan, rus və ingilis dillərində verilmişdir. Kitabın müəllifi dosent Həcər Hüseynova, elmi redaktorları professorlar Tofiq Hüseynov və Buludxan Xəlilovdur.

"Dəyirmi masa"da çıxış edən "Müəllim sözü" qəzetinin baş redaktoru Vahid Aslan bildirmişdir ki, Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi böyük ziyalı, yazıçı, pedaqoq Mir Cəlal Paşayev həm yazıçı, həm müəllim, həm də alim kimi adını tarixə əbədi həkk edən insanlardandır.

Diqqətə çatdırılmışdır ki, beşiyi Azərbaycanın güneyində, qəbri isə quzeyində olan bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı Azərbaycanın bütövlük simvoludur. Şəxsiyyətinin və yaratdıqlarının böyüklüyünə baxmayaraq sadə və səmimi, böyük ürəyə sahib bir insan olan Mir Cəlal Paşayev görkəmli şəxsiyyət, əsl müəllim, vətəndaş-alim, istedadlı bir yazıçı kimi bu gün də ürəklərdə yaşayır.

Ombudsman Elmira Süleymanova bildirmişdir ki, Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş yazıçının "Bir gəncin manifesti" Azərbaycan gəncinin manifestidir. Görkəmli yazıçı öz əsərləri ilə gənclərə Vətənə, xalqa məhəbbət hissi aşılamış, onlara xalqın sevincinə sevinməyi, kədərinə kədərlənməyi öyrətmişdir.

Mir Cəlalın yaradıcılığında Azərbaycan xalqının tarixinin böyük bir zaman kəsiyi öz əksini tapdığını vurğulayan Ombudsman nəzərə çatdırmışdır ki, böyük yazıçı öz əsərlərində təkcə tariximizi deyil, eyni zamanda, mədəniyyətimizi də nümayiş etdirmişdir.

Bildirilmişdir ki, Mir Cəlal Paşayevin bədii əsərlərində sadə insanların həyatı diqqət mərkəzində olmuşdur. Yazıçının qəhrəmanları, yaratdığı bədii lövhələr oxucuya güclü təsir edir, uzun müddət unudulmur.

Elmira Süleymanova, həmçinin "Mir Cəlalın aforizmləri" kitabının hazırlanmasını yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu aforizmlər həyat məktəbinin məhsuludur.

Professor Vilayət Əliyev görkəmli insanın pedaqoq kimi fəaliyyətindən, tələbələrə göstərdiyi diqqət və qayğıdan danışmış, onunla bağlı xatirələrini bölüşmüşdür. Bildirilmişdir ki, Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olmuşdur.

Qeyd olunmuşdur ki, Bakı Dövlət Universitetində uzun müddət rəhbərlik etdiyi kafedra hazırda onun adını daşıyır.

Yazıçının yaradıcılığına həsr olunmuş elmi əsərlər haqqında söhbət açılaraq bildirilmişdir ki, Mir Cəlalın əsərlərinə bələd olmadan onun haqqında yazmaq mümkün deyil.

Diqqətə çatdırılmışdır ki, "Mir Cəlalın aforizmləri" kitabına daxil edilmiş aforizmlərlə yanaşı, onun əsərlərindəki aforizmlər də saysız-hesabsızdır.

AYB-in Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz qeyd etmişdir ki, Mir Cəlal Paşayevin həyatına nəzər salsaq onun ömür boyu araşdırmalar və tədqiqatlar apardığını, yazıb-yaratdığını görərik. Böyük şəxsiyyətin bütöv Azərbaycan ideologiyasının ruhu, qanı, həyatı ilə yaşatdığı, gənclərə örnək, işıq olduğu diqqətə çatdırılaraq vurğulanmışdır ki, Mir Cəlal Paşayev öz sadə, təvazökar həyatı ilə milli bir ziyalı olduğunu sübut etmişdir.

Şair İlyas Tapdıq Mir Cəlal Paşayevin insani keyfiyyətlərindən danışaraq bildirmişdir ki, o, sadə, mehriban insan idi. Şair görkəmli şəxsiyyətlə bağlı xatirələrini bölüşərək, ona həsr etdiyi şeirini oxumuşdur.

Digər çıxış edənlər də Mir Cəlal Paşayevin müəllim, yazıçı, şəxsiyyət kimi keyfiyyətlərindən söhbət açmış, onunla bağlı xatirələrini söyləmişlər. Bildirilmişdir ki, onun bütün əsərləri gözəldir, oçerklərindən monoqrafiyalarına, hekayələrindən romanlarına qədər hər bir əsərində həyat, işıq, dərin təfəkkür, mənalı-məzmunlu, təsirli dil-təhkiyə vardır.

Mir Cəlal Paşayevin yazdığı bədii və elmi əsərləri ilə ədəbiyyatımıza və filologiya elminə böyük töhfələr verdiyi vurğulanaraq qeyd edilmişdir ki, o, həyatı və yaratdıqları ilə örnək olmağa layiq bir insandır.

Xəbər lenti

Xəbər lenti