Azərbaycan, Bakı, 12 may /Trend/
May ayının 9-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində şənlik keçirib.
Əvvəlcə Mərkəzlə bağlı videoçarx nümayiş etdirilib.
Bildirilib ki, 2013-cü il oktyabr ayının 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın iştirakı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir. Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın xarici görünüşü göbələk formasındadır. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Kompyuter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunub. Mərkəzə Heydər Əliyev Fondu tərəfindən avtobus da hədiyyə edilib.
Şənlikdə çıxış edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyi idarə heyətinin üzvü, "Qayğı" sağlam nəsil naminə İctimai Birlinin sədri Sevinc Abdullayeva deyib ki, bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə cəmiyyətimizin sabahı olan uşaqlarımız üçün şənlik keçiririk.
S.Abdullayeva bildirib ki, cəmiyyətimizdə humanizmin, xeyriyyəçiliyin inkişafında, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının göstərilməsində Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti gənclərə nümunədir: "Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyi olaraq, biz bu cür addımlardan həvəslənərək və nümunə götürərək bu günkü şənliyi təşkil edirik. Biz bir daha dövlətimizin başçısı cənab İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya öz minnətdarlığımızı bildiririk ki, bu cür sabit və dinamik inkişaf edən ölkəmizdə övladlarımızı aydın səma altında yetişdiririk, böyüdürük. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyi adından qeyd edirik ki, bundan sonra da dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyevin siyasi kursuna və cəmiyyətimizdə bərqərar olmuş humanizm prinsiplərinə sadiqliyimizi nümayiş etdirəcəyik".
Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, Heydər Əliyev şəxsiyyətinin miqyasından, Ulu öndərin titanik fəaliyyəti sayəsində beynəlxalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində dahi şəxsiyyətin rolundan söz açıb. O deyib ki, böyük siyasi xadim dağılmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Azərbaycanı parçalanmaqdan xilas edib.
Sonra Nizami Rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin kollektivinin rəqs nümunələri nümayiş etdirilib və uşaqlara hədiyyələr verilib.
Sonda daun sindromlu uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib və xatirə şəkilləri çəkdirilib.