Azərbaycan, Bakı, 27 may /Trend/
28 may - 12 iyun 2014-cü il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçiriləcək. Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.
ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyanın 4 iyun tarixində keçiriləcək plenar iclasında nümayəndə heyətinin başçısı kimi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun çıxışı nəzərdə tutulur.
Bundan başqa, S.Müslümovun tədbir çərçivəsində BƏT-in baş direktoru və digər rəhbər şəxsləri, habelə sessiyada iştirak edəcək bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
Tədbirin gündəliyinə BƏT-in Baş direktorunun və İnzibati Şuranın sədrinin məruzələri, həmçinin BƏT-in Konvensiya və Tövsiyələrinin icrası vəziyyəti, İcbari əmək haqqında 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər daxildir.