...

Sloveniyada Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 27 May 2014 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

Sloveniyada 28 May - Respublika Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşən Mons otelində Azərbaycanın müstəqilliyinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur. Tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də işgüzar dairələrin təmsilçiləri iştirak etmişlər.

Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov tədbirin açılışında çıxış edərək qonaqları salamlamış, ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsi, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslər və əldə olunmuş uğurlardan danışmışdır.

Mərasimin bədii hissəsində gənc musiqiçi Çingiz Mustafayev tarda Rizvan Əliyevin müşayiəti ilə Azərbaycan və dünya musiqisinin tanınmış mahnılarını səsləndirmişdir.

Bədii hissə başa çatdıqdan sonra mərasim iştirakçılarına ziyafət verilmişdir.

Nova Qoritsa şəhərinə səfər edən Azərbaycan nümayəndə heyətinin şəhər merinin müavini Mitya Trtnik ilə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan və Sloveniya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi qeyd edilmiş, bu əlaqələrin inkişafında Nova Qoritsa şəhəri meriyasının və bu regiondakı əhalinin xüsusi rolu qeyd edilmişdir. Sloven torpaqlarının faşistlərdən təmizlənməsində Azərbaycan oğullarının göstərdiyi şücaət qeyd edilmiş və onların əziz xatirəsinin qəlblərdə daim yaşayacağı vurğulanmışdır.

Nova Qoritsa regionuna səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mayın 16-da Trnova qəsəbəsində olmuş, burada Xatirə Parkında yerləşən memorial abidə ziyarət olunmuşdur. Abidə önünə səfirlik tərəfindən Azərbaycan hökuməti adından, ARDNŞ-nin adından isə BANM-in rektoru Elmar Qasımov və ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov əklil qoymuşlar. Buradakı qardaşlıq qəbiristanlığında uyuyan və adları arxiv sənədləri əsasında yeni tapılmış 22 Azərbaycan oğlunun adı yeni xatirə lövhəsinə həkk olunmuş və onların məzarları yenidən qurulmuşdur.

Burada keçirilmiş mərasimdə səfir Qalib İsrafilov çıxış etmiş və fəxr hissilə bildirmişdir ki, Azərbaycan igidləri bu torpaqların azad olunmasında şücaət göstərmiş və qəhrəmanlıqla həlak olmuşdur.

ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov çıxışında ARDNŞ rəhbərliyinin salamlarını tədbir iştirakçılarına çatdırmış, Sloveniya torpaqlarında uyuyan Azərbaycan oğullarının xatirəsinin əbədiləşdirilməsi üçün görülən işləri həm maliyyə, həm də təşkilati cəhətdən daim dəstəkləməyə hazır olduqlarını və bu kimi fəaliyyəti həyata keçirməkdən qürur və şərəf duyduqlarını bildirmişdir. O, bundan sonra da bu kimi layihələrdə iştirak etməyi özlərinə borc bildiklərini qeyd etmişdir.

Döyüşçülər və Veteranlar Şurasının vitse-prezidenti Rino Velikonya çıxışında Primorska və Nova Qoritsa regionlarının tarixən slavyan və roman dilli xalqların ortaq əraziləri olduğunu, tarix boyunca bu ərazilərdən bir çox xalqların nümayəndələrinin məskən saldığını, işğalçı kimi bu torpaqlara qədəm basdığını bildirmişdir. O qeyd etmişdir ki, bu torpaqlardan çox xalqların nümayəndələri keçsə də, Azərbaycan xalqının təmsilçiləri bu torpaqların azad olması və sloven xalqının əsarətdən qurtulması üçün misilsiz xidmətlər göstərmişlər və onların bu torpaqlar üçün göstərdiyi igidlik heç zaman unudulmayacaqdır. Sloven torpaqlarının faşistlərdən təmizlənməsində xüsusi igidlik göstərmiş azərbaycanlılar sloven xalqının qəhrəmanlarıdır və onların xatirəsi gələcək nəsillər tərəfindən də əziz tutulacaqdır. Çünki onların və digər döyüşçülərin sayəsində sloven xalqı tarixin səhifələrindən silinməmiş və nəhayət 1991-ci ildə öz dövlət müstəqilliyinə qovuşmuşdur.

Sonra nümayəndə heyəti Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, sloven xalqının alman faşizminə qarşı partizan mübarizəsinin qəhrəmanı Mehdi Hüseynzadənin Çepovan kəndindəki məzarı və memorial abidə kompleksini ziyarət etmiş və hər iki qurumun adından abidə önünə əklil qoyulmuşdur. Mərasimə M.Hüseynzadənin silahdaşları, müqavimət hərəkatında iştirak etmiş keçmiş partizanlar və yerli ictimaiyyətin nümayəndələri də qatılmışlar. Sloveniyanın imamı Necat Qrabus qəbiristanlıqda uyuyan müsəlmanların ruhuna Quran oxumuşdur.

Sonra Şempas qəsəbəsində M. Hüseynzadənin abidəsi və xatirə müzeyi ziyarət edilmiş, abidə önünə hökumət və ARDNŞ adından əklillər qoyulmuşdur. Burada vaxtilə partizan Mixaylonun istifadə etdiyi və Balkanlarda tanınmış silah kolleksioneri Zmaqo Yelinçiçin şəxsi kolleksiyasından əldə olunmuş alman istehsalı 9 mm kalibrli avtomat tüfəngi (ERMA M40) xatirə muzeyinə hədiyyə edilmişdir.
Muzey rəhbərliyi təhlükəsizlik sisteminin yenidən qurulması və muzeylə bağlı digər işlərin görüşlməsində azərbaycanlı iş adamı Artur Abdinovun dəstəyini minnətdarlıqla qeyd etmişdir.

ARDNŞ-nin nümayəndə heyəti Mixaylonun ən yaxın silahdaşı və müavini olmuş "Tolya" ləqəbli Tağı Əliyevin Rençe qəsəbəsindəki məzarını ziyarət etmiş və BANM-ın rektoru Elmar Qasımov və ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov memorial kompleks önünə əklil qoymuşdur. Nova Qoritsa regonal kitabxanasına direktorluq etmiş Rayko Slokar və Nova Qoritsa regionu üzrə Tarixi Məzarlıqlar və Abidələr Komissiyasının rəhbəri İvan Trop bu məzarlıqda və ətraf ərazilərdəki digər məzarlıqlarda uyuyan azərbaycanlı döyüşçülər barədə danışmış və onlarının xatirəsinin əbədiləşidirlməsi istiqamətində səylə çalışacaqlarını bildirmişlər. Bu memorial kompleksin yenidən qurulmasında və ümumiyyətlə bu işlərdə göstərdiyi dəstəyə görə ARDNŞ-nin nümayəndəliyinə dərin təşəkkür bildirilmişdir.

Azərbaycan səfirliyinin "Azərbaycan döyüşçülərinin qəhrəmanlıq yolu ilə" adlı proqramı çərçivəsində Sloveniya və İtaliyanın şimal bölgələrində döyüşmüş azərbaycanlılar haqqında məlumatlar və onların uyuduğu məzarlar tapılaraq bərpa olunur. Eyni zamanda yerli əhali ərasinda onların əziz xatirəsinin yaşadılması üçün müvafiq tədbirlər görülür.

Ozelyan qəsəbəsində təşkil olunmuş tədbirdə Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin üzvləri, fəxri fərmanların təqdim olunması mərasimi keçirilmişdir. Tədbir musiqi proqramı ilə sona çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti