Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın millət vəkilləri Türkiyədə kömür mədənində baş vermiş partlayışın qurbanlarının ailələrinə 38 min dollara yaxın məbləğdə yardım edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sərdi, millət vəkili Novruzəli Aslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə mədən partlayışının qurbanlarının ailələrinə yardım aksiyasına başlayıb.
N.Aslanov qeyd edib ki, indiyə qədər kampaniyada 40-a yaxın millət vəkili iştirak edib və ümumilikdə 38 min dollara yaxın vəsait toplanıb.
Millət vəkili bildirib ki, toplanan vəsait artıq Türkiyə Qızıl Aypara Cəmiyyətinə köçürülüb.
N.Aslanovun sözlərinə görə, kampaniya iyunun 20-nə qədər davam edəcək.