...

Azərbaycan və Qazaxıstan FHN-ləri əməkdaşlığı genişləndirməyə dair razılığa gəliblər

Cəmiyyət Materials 5 İyun 2014 17:00 (UTC +04:00)
Azərbaycan və Qazaxıstanın Fövqəladə Hallar nazirlikləri (FHN) əməkdaşlığı genişləndirmək haqqında razılığa gəliblər.
Azərbaycan və Qazaxıstan FHN-ləri əməkdaşlığı genişləndirməyə dair razılığa gəliblər

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Qazaxıstanın Fövqəladə Hallar nazirlikləri (FHN) əməkdaşlığı genişləndirmək haqqında razılığa gəliblər.

Trend-in məlumatına görə, Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko cümə axşamı Bakıda jurnalistlərə deyib ki, iki ölkənin müvafiq nazirlikləri arasında münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsinə dair razılıq əldə olunub: "Fikrimcə, bu, xalqlarımızın xeyrinə olacaq. İki ölkənin FHN-lərinin əməkdaşları fövqəladə halların fəsadlarının aradan qaldırılması üzrə birgə təlimlər keçirməyi planlaşdırırlar. Yaxın günlərdə Aktauda neft dağılmalarının ləğv edilməsi üzrə təlim keçiriləcək. Təlimə Azərbaycan FHN-in nümayəndələri dəvət olunub".

V. Bojko Qəbələdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransında iştirak edir. Konfrans ECO-nun təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Konfransda ECO-ya üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın Fövqəladə Hallar nazirliklərinin və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbirin keçirilməsində əsas məqsəd təşkilata üzv ölkələrin müvafiq qurumları və təşkilatla sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti