...

Ermənistan işğal edilmiş ərazilərə YUNESKO-nun texniki missiyasının göndərilməsinə imkan vermir

Cəmiyyət Materials 10 İyun 2014 14:52 (UTC +04:00)
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərinə YUNESKO-nun texniki missiyasının göndərilməsinə imkan vermirlər.
Ermənistan işğal edilmiş ərazilərə YUNESKO-nun texniki missiyasının göndərilməsinə imkan vermir

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərinə YUNESKO-nun texniki missiyasının göndərilməsinə imkan vermirlər. Trend xəbər verir ki, bunu YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının I katibi Günay Əfəndiyeva Bakıda keçirilən "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qafqaz Albaniyası mövzusu YUNESKO üçün çox önəmlidir. Çünki belə mövzular elmi, mədəni cəhətdən prioritetdir. Bu baxımdan Qafqaz Albaniyasının tarixi bir nümunə kimi göstərilə bilər.

G.Əfəndiyeva qeyd edib ki, Azərbaycanda mədəni irs, mədəni dəyərlər, onların qorunub saxlanmasına böyük önəm verilir. Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti təkcə ölkənin sərhədləri ilə məhdudlaşmır. Fond tərəfindən xaricdə də mədəni, dini, tarixi abidələr bərpa olunur, onların qorunub saxlanmasına, mühafizəsinə maliyyə dəstəyi verilir: "Lakin bu qədər dünya mədəni irsinə önəm verən Azərbaycan təəssüflər olsun ki, özünün bəzi ərazilərində bunu etməkdən məhrumdur. Söhbət Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən gedir. Azərbaycan uzun illərdir ki, müxtəlif beynəlxalq kürsülərdən həmin ərazilərə texniki missiyaların göndərilməsinə çağırır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bunu həyata kçirmək mümkün deyil".

Onun sözlərinə görə, Azərbaycan iki ildir YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması Komitəsinin üzvüdür. Azərbaycanın təşəbbüsü ilə YUNESKO "İşğal olunmuş ərazilərə dair sənəd" qəbul edib və bu sənəddə digər məsələlərlə yanaşı, bu ərazilərə texniki missiyaların göndərilməsi də nəzərdə tutulur: "Lakin ermənilər bu məsələdən müxtəlif yollarla imtina edir və bu işlərin həyata keçirilməsinə imkan vermirlər. Əslində bu, orada törədilmiş vəhşiliklərin sübutudur və orada nəyin baş verdiyini təsdiq edir".

Katib qeyd edib ki, bunun əksinə olaraq Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi dini, tarixi məbəd kimi qorunub saxlanır. Onun fikrincə, bu, Prezident İlham Əliyev tərəfindən aparılan siyasət, hörmət və münasibətdir, ilk növbədə, yüksək mədəniyyətdir.

G.Əfəndiyeva bildirib ki, YUNESKO-nun ən mühüm siyahılarından biri ümumdünya mədəni irs siyahısıdır. Azərbaycan abidələrinin bu siyahıya salınması müxtəlif mərhələlərdən keçən uzun bir yoldur: "Azərbaycanın iki maddi-mədəni irsi - Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçərişəhər və Qobustan da bu siyahıda öz yerlərini alıblar. Ümid edirəm ki, Azərbaycandakı digər abidələr - Kiş məbədi, Cavanşir qalası, Çıraqqala, bu gün erməni işğalı altında olan Gəncəsar monastrı yaxın gələcəkdə YUNESKO-nun ümumdünya irsi siyahısına daxil ediləcək. Bu, sadəcə Azərbaycanın öz zəngin mədəniyyətinin, tarixinin nümayişi deyil, bütün bəşəriyyət üçün gözəl hədiyyə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti