...

Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev təbii fəlakətdən ziyan çəkmiş sakinlərlə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 13 İyun 2014 13:45 (UTC +04:00)
İyunun 10-da baş vermiş təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş sakinlərlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti dəfə görüş keçirmişdir.
Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı  Elmar Vəliyev təbii fəlakətdən ziyan çəkmiş sakinlərlə görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

İyunun 10-da baş vermiş təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş sakinlərlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti dəfə görüş keçirmişdir.

Görüşdə çıxış edən Elmar Vəliyev güclü qasırğa ilə müşayiət olunan leysan yağışlarının şəhərə böyük ziyan vurduğunu söyləyərək demişdir ki, yüzlərlə evin dam örtüyü sıradan çıxmış, evləri, zirzəmiləri su basmış, yüzlərlə nəhəng ağac aşmış, çox sayda işıq dirəkləri, dayanacaqlar, zibil qabları, oturacaqlar, reklam lövhələri yararsız hala düşmüş, onlarla avtomaşına, eləcə də bir neçə insana xəsarət yetirmişdir. Şəhər təsərrüfatına ciddi ziyan dəymişdir. Təbii fəlakətdən sonra dərhal şəhər icra hakimiyyətində qərargah yaradılmış, çıxılmaz vəziyyətdə qalmış vətəndaşlara təcili olaraq yardımlar edilmişdir. Baş vermiş fəlakətlə bağlı Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərliyi ilə bir qrup mütəxəssis Gəncəyə ezam olunmuşdur ki, onlar da hazırda vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək sənədləşdirilməsi ilə məşğuldurlar. Bütövlükdə şəhər sakinlərindən 1000-dən artıq müraciət daxil olmuşdur. İcra başçısı dəymiş zərərin aradan qaldırılması üçün "Qaynar xətt"in fəaliyyət göstərdiyini bildirmişdir.Təcili təmirə ehtiyacı olan 20-dək çoxmərtəbəli binanın, 30-dək fərdi evin dam örtüyünün dəyişdirilməsinə başlanılmışdır. Respublika Prezidenti İlham Əliyevin tam nəzarətində olan təbii fəlakətin törətdiyi fəsadların təcili olaraq aradan qaldırılması və sakinlərə hər cür köməkliklər göstərilməsi üçün artıq bərpa işlərinə start verilmişdir. Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq vətəndaşa dəyən ziyan dövlət tərəfindən qarşılanacaq və problemlər aradan qaldırılacaqdır. Hazırda şəhərin, eləcə də respublikamızın müvafiq təşkilatları səfərbərliyə alınaraq bütün qüvvələr təbii fəlakətin törətdiyi dağıntıların tezliklə aradan qaldırılmasına yönəldilmişdir. Ziyan çəkmiş hər bir şəhər sakini əmin ola bilər ki, o, dövlətin qayğısından kənarda qalmayacaqdır.

Sonra söz təbii fəlakətdən ziyan çəkmiş sakinlərə verilmişdir. Nərimanov prospektinin sakini Zahid Qurbanov,Puşkin küçəsinin sakini Mürsəl Orucov, Əziz Əliyev küçəsinin sakini Arifə Qasımova və başqaları çıxış edərək təbii fəlakət nəticəsində yaşadıqları evlərin qəzalı vəziyyətə düşməsindən danışmış və dövlətdən kömək istəmişlər.Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev həmin vətəndaşlara bildirmişdir ki, narahatlığa heç bir əsas yoxdur.Ziyan dəymiş bütün evlər bərpa ediləcəkdir.

Görüşdə çıxış edən Samir Pişnamazzadə qısa vaxt ərzində evinin dam örtüyünün dəyişdirilməsinə görə ölkə başçısına minnətdarlığını bildirmişdir. Samirə Səfərəliyeva isə təbii fəlakət zamanı yıxılan ağacın altında qalan körpəsinin müalicəsi üçün yardıma ehtiyacı olduğunu bildirmiş və onun xahişi yerindəcə həll olunmuşdur.

Görüş zamanı salonda qoyulmuş böyük monitorda təbii fəlakət zamanı ziyan dəymiş bütün evlərin fotoşəkilləri də nümayiş etdirilmişdir.

Qəbuldan sonra şəhər rəhbərliyi fəlakətdən ziyan çəkmiş və evləri qəzalı vəziyyətdə olan sakinlərin evlərinə baxış keçirtmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti