...

Əli Həsənov: Son 20 ildə Azərbaycanda 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb

Cəmiyyət Materials 18 İyun 2014 11:53 (UTC +04:00)
Son 20 ildə Azərbaycanda 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb.
Əli Həsənov: Son 20 ildə Azərbaycanda 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/

Son 20 ildə Azərbaycanda 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq Konfrasında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün 53 faizi, yəni 500 minə qədəri qadınlardır: "Bu gün dünyada qadınların hüquqlarının qorunmasından söhbət getsə də, beynəlxalq aləmdə qadınlar insan cəmiyyətinin ən həssas hissəsi hesab edilsə də, təəssüflər olsun ki, qadınların hüquqlarının qorunması üzrə qəbul olunan qətnamə, bəyannamə, konvensiya, qaydaların icrası bu həssaslığa, zərifliyə cavab vermir. Əgər beynəlxalq aləmdə bu konvensiya, qanunlar qadının hüququnun qorunması ilə bağlı qəbul edilirsə, nə üçün icra olunmur? Beynəlxalq konvensiyalara qoşulan ölkələrdə qadınların hüququnun qorunması beynəlxalq səviyyədə təmin olunmursa, onu təmin edilməsinə mane olanlara qarşı nə üçün tədbir görülmür. Bizdə "Nə üçün?" sualları çoxdur. Bizim problem artıq 22 ildən çoxdur ki, Ermənistanın işğalı altında saxlanılır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Dünyada bütün beynəlxalq təşkilatlar bu problemin həlli üçün qərar və qətnamələr qəbul ediblər. Nə üçün icra olunmur?"

Baş nazirin müavini deyib ki, qadınlara qarşı zorakılıq davam edir, qaçqın qadınların hüquqları pozulur: "Bütün dünyada insan hüquqlarının qorunmasından söhbət gedirsə, nə üçün bununla bağlı qəbul olunan qaydalar, qanunlar, qətnamələr icra olunmur? Nə üçün ayrı-seçkiliklər var? İkili standartlardan artıq danışmırıq. Artıq ikili standart ömrünü başa vurub və dünyada çoxşaxəli standartlar, ayrı-seçkiliklər var. Bunun hamısı gözümüzün qarşısında baş verir. Əgər hər bir ölkədə hər bir beynəlxalq qurum özü qəbul etdiyi qayda-qanunların icrasını təmin etsə, bu cür haqsızlıqlar, ədalətsizliklər baş verməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti