...

"Azəryolservis" ASC qanunsuz parklanmalar səbəbindən Bakıda yolun təmirini dayandırdı (VİDEO)

Cəmiyyət Materials 19 İyun 2014 12:13 (UTC +04:00)
"Azəryolservis" ASC törədilən maneçilikdən sonra Bakıda yolların birində təmir işlərinin aparılmasını dayandırıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
"Azəryolservis" ASC qanunsuz parklanmalar səbəbindən Bakıda yolun təmirini dayandırdı (VİDEO)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

"Azəryolservis" ASC törədilən maneçilikdən sonra Bakıda yolların birində təmir işlərinin aparılmasını dayandırıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, iyunun 17-si saat 23:00-dan etibarən Həsən Əliyev (keçmiş İnqilab) küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılıb və bu səbəbdən yolun həmin hissəsi avtomobillərin hərəkəti üçün bağlanıb. Artıq həmin hissədə müəyyən işlər görülüb. Digər işlərin isə 7-10 gün ərzində yekunlaşdırılması və yolun yenidən istifadəyə verilməsi gözlənilirdi. Lakin avtomobillərin yolu kobud şəkildə zəbt etməsi nəticəsində burada dözülməz vəziyyət yaranıb: "Vəziyyət artıq o həddə çatıb ki, ərazidə təmir işləri aparmaq mümkün deyil. Məhz bu səbəbdən bu gündən etibarən işlərin aparılmasının mümkünsüzlüyünü görən "Azəryolservis" ASC-nin rəhbərliyi ərazidən bütün texnikaların çıxarılması barədə qərar verib. Ona görə də həmin ərazidə işlərin nə zaman bitəcəyi və yolun nə vaxt tam açılacağı məlum deyil. Bu səbəbdən yol elə beləcə, bərbad vəziyyətdə qalacaq".

"Azəryolservis"in sözçüsü bildirib ki, sürücülərə və avtomobil sahiblərinə edilən çoxsaylı xəbərdarlıqların da artıq heç bir təsiri yoxdur: "Maşınları park edirlər, sonda edilən bütün xəbərdarlıqlara baxmayaraq, onları ərazidən götürmürlər. Bəziləri deyirlər ki, həyətimizdə maşını saxlamağa yer olmadığından burada saxlayırıq. Bəs maşını almamışdan əvvəl fikirləşmirlər ki, onu harada saxlayacaqlar? Ticarət obyektlərinin, ofislərin qarşısında isə vəziyyət daha acınacaqlıdır. Burada avtomobillər yolu tam kəsirlər. Ona görə də artıq bu vəziyyətdə işləmək mümkün deyil".

P.Mürsəliyev qeyd edib: "Əgər orada yalnız avtomobillər dayanacaqsa, onda əlavə xərc çəkib oranın təmirinə nə ehtiyac var?! Onsuz da oradan avtomobillərin park edilməsi istifadə ediləcək də. Yolun buraxıcılıq qabiliyyəti olmayacaqsa, yolda yenə süni şəkildə keçilməz tıxaclar yaradılacaqsa, onda onun asfaltlanmasının, təmir edilməsinin heç bir mənası yoxdur".

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti