...

Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illiyi qeyd olunub

Cəmiyyət Materials 19 İyun 2014 19:18 (UTC +04:00)
Bu gün Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin anadan olmasının 100 illiyi münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədbir keçirilib.
Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illiyi qeyd olunub

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Bu gün Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin anadan olmasının 100 illiyi münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədbir keçirilib. Tədbiri Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev açıq elan edib.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəhrəmanın həyat və döyüş yolu haqqında məruzə ilə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin elmi işçisi Gülşən Hüseynova bildirib ki, Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan Azərbaycan oğullarından biri də Mirzəyev Bəhyəddin Şahvələd oğludur. Əslən İsmayıllı rayonundan olan B.Mirzəyev 1936-cı ildə 22 yaşında hərbi xidmətə çağrılır. Hərbi xidmətini başa vurub Vətənə qayıtdığı zaman artıq II Dünya müharibəsi başlamışdı. Bir çox həmyerlilərimiz kimi, B.Mirzəyev də yenidən könüllü olaraq cəbhəyə yollanır.

O, 1942-ci ildə 416-cı Azərbaycan Milli Diviziyasının 1054-cü topçu alayında batareya komandiri vəzifəsində döyüşlərə qatılıb. II Dünya müharibəsi döyüşlərində göstərdiyi şücaət və qəhrəmanlıqları, qazandığı saysız uğurları nəticəsində dəfələrlə komandanlığın təşəkkürü ilə qiymətləndirilib. Visla-Oder əməliyyatında iştirakına görə isə 1945-ci il martın 24-də Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görülüb.

Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı kapitan B.Mirzəyevə məxsus sənədlər, fotoşəkillər və onun qəhrəmanlığından bəhs edən kitab nümunələri saxlanılır.

Tədbirdə qəhrəmanın silahdaşları, veteran təşkilatlarının nümayəndələri, qəhrəmanın yaxınları çıxış edərək onun haqqında xatirələrini bölüşüblər.

Sonda iştirakçılar tədbirin təşkilinə kömək göstərən Müdafiə Nazirliyinə, Respublika Veteranlar Təşkilatına, Azərbaycan Hərb Tarixi Muzeyinə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, "Azərbaycan veteranı" qəzetinə, "Dədə Qorqud" Milli fondu və "Azərbaycan dünyası" jurnalına təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti