...

Azərbaycanda ilk dəfə xaricdə təhsil alan tələbələrə təqaüd kartları verilib

Cəmiyyət Materials 22 İyul 2014 12:56 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış yeni tələbələrə ilk dəfə olaraq “DP təqaüd kartı”nın verilməsinə başlanılıb.
Azərbaycanda ilk dəfə xaricdə təhsil alan tələbələrə təqaüd kartları verilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış yeni tələbələrə ilk dəfə olaraq "DP təqaüd kartı"nın verilməsinə başlanılıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Muxtar Məmmədov jurnalistlərə bildirib ki, bu kartların tətbiq edilməsində məqsəd əvvəlki illərin təcrübəsi əsasında Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin maliyyələşdirilməsi mexanizmlərini daha da optimallaşdırmaqdır: "Tələbələrin müraciətləri nəzərə alınaraq, yeni mexanizmlərin formalaşdırılması istiqamətində iş aparıldı. Bunlardan biri də nazirlik tərəfindən tələbələrə təqaüd kartlarının verilməsidir".

M.Məmmdov qeyd edib ki, bu kartlar tələbələrin təqaüdlərinin gecikdirilmədən, qısa müddət ərzində köçürülməsini təmin edəcək. Bunun nəticəsində xarici ölkələrdə təhsil alan tələbələr maddi sıxıntı ilə üzləşməyəcəklər.

Nazirlik rəsmisinin sözlərinə görə, bu kartlar hələlik dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərinə bu il qəbul olunan tələbələrə veriləcək. Әvvəlki illərdə təhsil alan tələbələrə bu təqaüdlərin verilməsi prosesi daha sonra nəzərdən keçiriləcək.

M.Məmmədov əlavə edib ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasında" xaricdə təhsil üzrə konsepsiyanın 2015-2020-ci illərdə də davam etdirilməsi nəzərdə tutulur. Hazırda Təhsil Nazirliyi bu proses istiqamətində iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti