Azərbaycan, Bakı, 24 iyul /Trend/
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Ramazan ayı ilə əlaqədar Lerik rayonunda səfərdə olub.
Burada S.Salahlı beş şəhid ailəsi ilə görüşərək, onlara Komitə adından bayram sovqatlarını təqdim edib. Daha sonra o, DQİDK tərəfindən təşkil olunan iftar süfrəsində din xadimləri, ağsaqqallar və ziyalılarla görüşüb.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə dövlət-din münasibətlərindən danışan S.Salahlı bildirib ki, hər bir Azərbaycan vətəndaşı ümummilli məsələlərdə birlik nümayiş etdirməli, ölkəmizin inkişafı naminə çalışmalıdır. Ölkə dindarları da milli-mənəvi dəyərlərin qorunması üçün əllərindən gələni etməlidirlər. Müstəqillik əldə edildikdən sonra ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində milli-mənəvi dəyərlərimizə qayıdış prosesi sürətlənib. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Tolerantlığın Azərbaycan modelinin bütün dünyada təqdir edilməsi dövlətimizin din siyasətinin uğurunun bariz nümunəsidir.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Quba rayonunda dindarlarla görüşüb. "Şane" hotelində təşkil olunmuş iftar süfrəsinə rayondakı dini icmaların sədrləri, din xadimləri, dindarlar, şəhid ailələri, müharibə veteranları və Quba rayon İcra Hakimiyyətinin əməkdaşları qatılıblar. İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Həmçinin iftar süfrəsində iştirak edən şəhid ailələrinə Dövlət Komitəsi adından Ramazan sovqatı paylanılıb.