Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Azərbaycanda səhiyyə sahəsində müasir informasiya idarəetmə sistemlərinin geniş tətbiqi davam etdirilməkdədir. Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti "Neuron Technologies" xəstəxanaların elektron idarəetmə sistemlərinin inteqrasiyası üzrə dünyanın qabaqcıl texnologiyalarının ölkəmizə tətbiqi üzrə fəaliyyətə başlayıb.
Trend-in məlumatına görə, şirkət tərəfindən bu istiqamətdə dünyanın qabaqcıl texnologiya şirkətləri ilə tərəfdaşlıqlar qurulub.
"Neuron Technologies" şirkətinin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, şirkətinin əsas məqsədi gələcəkdə Azərbaycanda dünyadakı mütərəqqi xəstəxana elektron idarəetmə modellərinə əsaslanan milli elektron tibb idarəetmə sistemlərinin yaradılmasıdır.
Bu istiqamətdə İtaliya, Böyük Britaniya, Belçika, Türkiyə və digər ölkələrin mövcud təcrübəsi öyrənilib. Bunlar arasında hazırda Türkiyədə Cərrahpaşa, Çapa, İstanbul Mərmərə Universitet xəstəxanası, Medikal Park xəstəxanalar şəbəkəsi və digər iri-həcmli məşhur xəstəxanalarda idarəetmə sistemləri tətbiq edilən və 20 ildən artıq təcrübəsi ilə tətbiqi proqramlar sektorunda beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə etmiş Erguvan Bilişim şirkəti ilə əməkdaşlığa başlanıb.
Azərbaycan şirkətinin dəvəti ilə sentyabrın 1-5-də Erguvan Bilişim şirkətinin mütəxəssisləri tərəfindən Bakı şəhərində Yüksək Texnologiyalar Parkında "Neuron Technologies" şirkətinin azərbaycanlı mütəxəssislərinə Türkiyədə geniş tətbiq edilməkdə olan "Medin 3" Tibb İnformasiya İdarəetmə sistemi üzrə təlim proqramı keçirilib.
Təlim proqramının tərkib hissəsi olaraq, xəstəxanalarda tibbi idarəetmənin müxtəlif sahələri, o cümlədən, xəstələrin elektron qəbulu və qeydiyyatı, həkim göndərişləri, radiologiya, laboratoriya informasiya sistemləri, pasientlərin stasionar və ambulator müalicəsi, poliklinika, aptek, tibbi təchizat, arxiv, maliyyə hesabatları və statistika da daxil olmaqla, 56 moduldan ibarət kompleks sistem tədris edilib.
Belə ki, sistem müasir xəstəxana idarəetməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, "Ağıllı kart" sisteminin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunacağından yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılacaqdır. Barkodla mobil qaydada oxuna bilinən "NFC xəstə biləkliyi" və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur.
Türkiyənin xəstəxanalarında geniş tətbiq olunan bu sistemin ölkəmizin tələblərinə və ehtiyaclarına uyğunlaşdırılaraq tətbiqi nəticəsində xəstəxanalarımızın idarə edilməsində səmərəlilik arırılacaq.
Təlim proqramının nəticəsi olaraq, "Medin 3" xəstəxana idarəetmə sisteminin ölkəmizin tibb müəssisələrində tətbiqi üzrə fəaliyyətin aparılması nəzərdə tutulub.
Bakı şəhərində yerləşən bir sıra xəstəxanalar artıq bu sistemin tətbiqində maraqlı olduqlarını bildirib.
Hazırda sistemin yerli ehtiyaclara və tələblərə uyğunlaşdırılması prosesi başlanıb və yaxın gələcəkdə bir neçə xəstəxanada tətbiqi üzrə danışıqlar davam etdirilir.