...

Azərbaycanda "Eko rəsm gündəliyi-2014" Beynəlxalq müsabiqəsinin milli mərhələsi başlandı (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2014 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan məktəbliləri arasında "Eko rəsm gündəliyi-2014" ("Eco Picture Diary 2014") Beynəlxalq müsabiqəsinin milli mərhələsi başlandı.

Trend AzərTAc-a istinadən məlumat verir ki, bu münasibətlə sentyabrın 9-da Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində yarışmanın elan olunması ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva açaraq layihənin əhəmiyyətindən danışdı.

Sonra Bakı şəhərindəki Heydər Əliyev Mərkəzinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin və Yaponiyanın "Panasonic" şirkətinin MDB üzrə nümayəndələri çıxış edərək həyata keçirilən bu beynəlxalq layihədə Azərbaycan məktəblilərinin uğurlu iştirakından danışdılar və builki müsabiqənin şərtləri barədə ətraflı məlumat verdilər.

Qeyd edildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan 2013-cü ildən bu müsabiqəyə qoşulub. Yerli məktəblilər UNESCO-nun himayəsi altında, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və "Panasonic Marketinq MDB"-nin dəstəyi ilə bu yarışmada iştirak edirlər.

Gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılması və ekoloji problemlərin həllinə yönələn fəaliyyətə uşaqların cəlb olunması məqsədilə həyata keçirilən layihənin təqdimatı zamanı qeyd edildi ki, müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edir.

Sentyabrın 15-16-da şagirdlərə 5000 ədəd xüsusi "Eko Gündəlik" paylanacaqdır.

Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaş arası) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən şagirdlər iştirak edəcəklər. İştirakçılar 3 gün ərzində "Eko Gündəlik"də ekologiyaya dair rəsm çəkməli və onun ideyasının qısa təsvirini mətndə əks etdirməklə sentyabrın 25-dək təhvil verməlidirlər.

Tədbirdə o da bildirilib ki, təqdim edilən "Eko Gündəlik"ləri İDEA İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, UNESCO-nun, "Panasonic Marketinq MDB"-nin, KİV və QHT-lərin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Final mərhələsinə vəsiqə alan 20 (hər yaş qrupu üzrə 10 nəfər) nəfər mükafatlandırılacaq.

Finalçılardan bir nəfər milli qalib elan olunacaq və onun "Eko Gündəliy"i beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bununla da bütün ölkələrin milli qalibləri arasında ən yaxşı "Eko Gündəlik"lər seçiləcəkdir.

Diqqətə çatdırıldı ki, artıq 6 ildir keçirilən və 50-dən çox ölkənin iştirak etdiyi yarışmanın keçənilki milli mərhələsində 3032 məktəbli iştirak edib və Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov milli qalib seçilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti