...

Əli Həsənov Xırdalanda partlayışdan əziyyət çəkmiş məcburi köçkünlərə yeni vədlər verdi (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2014 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Baş nazirin müavini, Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və Abşeron rayonunun Xırdalan şəhərindəki partlayış nəticəsində mənzilləri dağılmış məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də Ə.Həsənov Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və sentyabrın 8-də səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhərindəki tikintisi yarımçıq qalmış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində evləri dağılmış məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ərazidə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən quraşdırılmış çadırlarda yerləşdirilmiş məcburi köçkünlərlə görüşüb.

Əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Baş nazirin müavini bildirib ki, Bakı şəhərinin baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan burada məskunlaşan məcburi köçkünlər yaxın günlərdə həmin yerdən onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklər.

Məcburi köçkünlərlə görüşdə həmçinin onların bir sıra problemləri dinlənilib, narahatlıq doğura biləcək məsələlərə hərtərəfli aydınlıq gətirilib. Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq müvafiq qərarlar qəbul edilir.

Görüşdə əraziləri işğal olunmuş rayonların İcra hakimiyyətlərinin başçıları da iştirak ediblər.

Sonra Baş nazirin müavini Abşeron, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayon İcra hakimiyyətlərinin başçıları ilə birlikdə Xırdalan şəhəri ərazisində FNH tərəfindən qurulmuş çadırlardakı vəziyyətlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

O, həmçinin qeyd edib ki, hazırda partlayış baş vermiş binanın iki blokunda təmir-bərpa işləri davam etdirilir. Tezliklə həmin iki blokdan köçürülən məcburi köçkünlər öz yerlərinə qaytarılacaqlar. Partlayış nəticəsində tam yararsız hala düşmüş digər bir blokun sakinləri isə yaxın vaxtlarda yeni mənzillərlə təmin olunacaqlar.

Ə.Həsənov onların nəzərinə çatdırıb ki, baş vermiş hadisə nəticəsində yaranmış vəziyyət ilk gündən cənab Prezidentin diqqət mərkəzindədir.

Qeyd edilib ki, ərazidə tibb məntəqəsi, yeməkxana və digər zəruri xidmət məntəqələrinin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, onlar zəruri avadanlıqlarla təchiz edilib, məcburi köçkünlərin gündəlik tələbat mallarına ehtiyaclarının təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilib. Həmçinin onlar gündə üç dəfə isti yeməklə və zəruri ərzaq məhsulları, yataq dəstləri ilə, digər avadanlıqlarla da təmin ediliblər.

Məcburi köçkünlər baş vermiş bu faciəvi hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində dərhal atılan addımlara görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti