Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Bu gün Qəbələdə qeydə alınan ardıcıl üç zəlzələ rabitə işində hər hansı problem yaratmayıb. Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Qəbələ Telekommunikasiya Qovşağının rəisi Şahin Tağıyev bildirib.
Ş.Tağıyev deyib: "Bütün qüvvələrimiz səfərbərdir. Rabitə qəza briqadalarımız kəndlərdə rabitənin ümumi vəziyyətini yoxlayır. Birləşdirici xətlərdə hər hansı problem yoxdur. Bılıx kənd EATS-nin binasında çatlar əmələ gəlib. Laza kənd EATS-də də bəzi problemlər var. Ümumilikdə vəziyyət yaxşıdır. Rabitə tam nəzarətdədir. Rayon rabitəsi dairəvi rabitə sisteminə qoşulduğundan Bakı və digər rayonlarla çıxışında hər hansı problem yaşana bilməz. Bir istiqamətdə rabitə kəsilsə, digər istiqamətdə rabitə avtomatik bərpa olunur".
Qeyd edək ki, bu gün Qəbələdə ardıcıl üç zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk yeraltı təkanlar 06:38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub. İnsan tələfatı yoxdur.
Qəbələdə digər zəlzələ yerli vaxtla 08:56-da və 09:20-də baş verib.