Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Bir neçə gün əvvəl Rusiyada aşkar olunan "quş qripi" Azərbaycan üçün təhlükə törətmir. Bu barədə Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda quşların mövsümi miqrasiyası ərəfəsində "quş qripi" virusunun aşkar olunması üçün monitorinq keçirilməsi barədə qərar qəbul edilib.
Y.Xanvəli deyib ki, Azərbaycan quş ətini Rusiyadan deyil, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrdən idxal edir ki, bu da həmin xəstəliyin yayılma mümkünlüyünü azaldır: "Bu gün Azərbaycanda "quş qripi" ilə bağlı vəziyyət sabitdir və Baytarlıq Xidmətinin tam nəzarəti altındadır".
Bir müddət əvvəl Rusiya KİV xəbər vermişdi ki, son 4 il ərzində ilk dəfə Rusiyada "quş qripi" aşkar olunub. Xəstə quşlar Altay diyarının Dolqovo kəndi və Noviçixinsk rayonundakı şəxsi həyətlərdə aşkar edilib.
H5N1 virusu insan üçün təhlükəlidir, insanda ona qarşı immunitet yoxdur. "Quş qripi"ndən ölüm halları 60 faiz təşkil edir. 2003-cü ildə dünyanın 15 ölkəsində insanların "quş qripi"nə yoluxması ilə bağlı 640-dan artıq hal laboratoriyalarda təsdiqlənib, 380-dən çox insan bu virusdan ölüb.