...

Azərbaycanda mühüm sosial obyektlər tədricən isitmə sisteminə qoşulur

Cəmiyyət Materials 3 Noyabr 2014 16:29 (UTC +04:00)
"Azəristiliktəchizat" ASC mühüm sosial obyektlərin mərkəzləşdirilmiş isitmə şəbəkəsinə tədricən qoşulmasına başlayıb.
Azərbaycanda mühüm sosial obyektlər tədricən isitmə sisteminə qoşulur

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Emil İsmayılov/

"Azəristiliktəchizat" ASC mühüm sosial obyektlərin mərkəzləşdirilmiş isitmə şəbəkəsinə tədricən qoşulmasına başlayıb. Bu barədə Trend-ə ASC-dən bildiriblər.

Qurumdan deyiblər ki, ölkənin hava şəraitinin sərt olduğu dağlıq regionlarında isitmə mövsümü artıq noyabrın 1-dən başlayıb. Ölkə ərazisində hava şəraitinin pisləşməsi səbəbindən bu gündən digər rayonlarda da mühüm sosial obyektlərin tədricən isitmə sisteminə qoşulması barədə qərar qəbul edilib: "Bu gün həmin məsələ ilə bağlı qərar qəbul olunub. İlk növbədə söhbət internatlardan, doğum evlərindən və tibb müəssisələrindən gedir, daha sonra isə uşaq bağçaları və məktəblər gəlir".

Azərbaycanın dağlıq rayonlarında isitmə sistemi noyabrın 1-dən, ölkənin digər regionlarında isə noyabrın 15-dən başlayır. Nəzərdə tutulan müddətdən əvvəl isitmə mövsümünə başlamaq üçün bir neçə gün ərzində havanın temperaturu 6-7 dərəcə, yaxud daha aşağı səviyyədə olmalıdır. Həmçinin isitmə mövsümünə vaxtından əvvəl başlamağın səbəblərindən biri hava şəraitinin kəskin pisləşməsidir. Bunun üçün qazanxanaların işə salınmasının xüsusi hazırlanmış qrafiki mövcuddur.

Bir müddət əvvəl ASC rəhbərinin müavini İlham Mirzəliyev demişdi ki, 2014-2015-ci illər payız-qış mövsümünə hazırlıq çərçivəsində bütün zəruri hazırlıq işləri görülüb və ASC-nin balansında olan bütün infrastruktur və qazanxanalar isitmə mövsümünün başlamasına tam hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti