...

Əli Abbasov: Cəmiyyətdə biliyə tələbat yaranmalıdır

Cəmiyyət Materials 10 Noyabr 2014 11:46
"Elmin və təhsilin inkişafı təkcə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyindən deyil, həm də cəmiyyətdən asılıdır. Ümumiyyətlə, cəmiyyətdə biliyə tələbat yaranmalıdır. Bu olmasa, biz gəncləri zorla elmə yönəldə bilmərik".
Əli Abbasov: Cəmiyyətdə biliyə tələbat yaranmalıdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/

"Elmin və təhsilin inkişafı təkcə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyindən deyil, həm də cəmiyyətdən asılıdır. Ümumiyyətlə, cəmiyyətdə biliyə tələbat yaranmalıdır. Bu olmasa, biz gəncləri zorla elmə yönəldə bilmərik". Trend xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bazar ertəsi Bakı Elm Festivalının açılış mərasimində deyib.

Nazirin fikrincə, elmin inkişafı üçün belə tədbirlərin keçirilməsi çox vacibdir: "Bakı Elm Festivalının keçirilməsi, ictimaiyyətin cəlb edilməsi və onun geniş işıqlandırılması çox mühüm addımdır".

O, qeyd edib ki, hazırda özəl sektorun elmin inkişafına, elmli və savad kadrlara böyük ehtiyacı var: "Dünyada elmə trilyonlarla dollar vəsait xərclənir. Bunun da 70-80 faizi özəl sektora sərf edilir. Bu gün Azərbaycan dövləti də elmin inkişafına olduqca böyük vəsait xərcləyir. Ölkədə innovativ sahibkarlığın inkişafına böyük əhəmiyyət verilir. Bunun üçün bilik, şərait və kapital olmalıdır".

Ə.Abbasov bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA arasında imzalanan əməkdaşlıq protokoluna əsasən sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıq elmin müxtəlif sahələrini əhatə edir.

Nazir AMEA ilə birgə yaradılan texnoparklardan danışıb: "Bu gün bu sahədə əldə etdiyimiz nailiyyətlər bizi tam qane etmir. Amma "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, biz bu işləri tam həyata keçirəcəyik. Ölkədə elmin inkişafı, populyarlaşdırılması, cəmiyyətdə tanıdılması istiqamətində çox böyük işlər görülməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti