...

ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir

Cəmiyyət Materials 19 Noyabr 2014 10:55 (UTC +04:00)
ADA Universitetinin İxtisasartırma Proqramları noyabrın 19-27-də xarici diplomatlar üçün təlim kursu keçirir.
ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Səbinə Әhmədova/

ADA Universitetinin İxtisasartırma Proqramları noyabrın 19-27-də xarici diplomatlar üçün təlim kursu keçirir.

Trend-in məlumatına görə, təlim kursunun açılışında universitetin prorektoru Fariz İsmayılzadə çıxış edərək məqsədin xarici diplomatlara və dövlət qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında daha müfəssəl məlumat vermək olduğunu deyib.

Prorektor bildirib ki, kurs müddətində iştirakçılar bu regionun tarixi, mədəniyyəti, demoqrafik vəziyyəti, etnik və ərazi münaqişələri, ticari və iqtisadi münasibətləri, geopolitik və regional təhlükəsizliyi və digər məsələlər barədə məlumatlandırılacaqlar.

Kursda Əfqanıstan, Argentina, Banqladeş, Bolqarıstan, Çin, Kolumbiya, Xorvatiya, Misir, Malayziya, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı, Serbiya, İspaniya və Türkmənistanın Xarici İşlər nazirliklərində çalışan yüksək və orta çinli 16 diplomat iştirak edir.

Kursun təlimçiləri arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri var.

Proqram çərçivəsində iştirakçılar Azərbaycan Xarici İşlər Nazirliyində, Səngəçal terminalında olacaq, Şəki və Qəbələ regionlarına səfər edəcəklər.

Sonda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

2010-cu ildən etibarən keçirilən bu təlimdə indiyədək Türkiyədən, Asiya, Afrika, Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrindən diplomatlar, o cümlədən ABŞ-dan tədqiqatçılar və tələbələr iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti