Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi noyabr ayının 24-ü tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub. Bu barədə Trend DSMF-nin İctimaiyyətlə əlaqələr sektoruna istinadən məlumat yayıb.
Ümumilikdə bu ilin 10 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 10 ay ərzində Fondun gəlirləri 2402,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 193,9 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artaraq 1386,2 milyon manata çatıb. Bu daxilolmaların 65,2 faizi və ya 904,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 108,8 milyon manat çoxdur.
2014-cü ilin 10 ayı ərzində Fondun xərcləri 2377,2 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
2014-cü ilin 1 oktyabr tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 288 680 nəfər təşkil edib. Onların 60,9 faizini yaşa görə, 28,2 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.