Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında yüklənmə qeydə alınıb. Bunu Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.
Onun sözlərinə görə, bayramlarla əlaqədar elan edilmiş qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına daxil olan müraciətlərin sayı artaraq gün ərzində orta hesabla təxminən 1900-ə çatıb: "Bayram günlərində müraciət edənlərin sayı adi günlərdəkindən 10 faiz çox olub. 2014-cü il dekabrın 31-i gecədən 2015-ci il yanvarın 4-ü gecəyədək təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına 7548 müraciət daxil olub. Dekabr ayında günə orta hesabla 1730 çağırış düşüb".
O, Şahmalıyevin fikrincə, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük əsasən təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı xeyli artıb: "Adi günlərdə olduğu kimi çağırışların əksəriyyəti böyüklərdə ürək-damar xəstəlikləri, arterial təzyiq, uşaqlarda isə kəskin respirator xəstəliklərlə (KRX) bağlı olub".
Baş həkimin müavini qeyd edib ki, 5 tətil günü ərzində dəm qazından zəhərlənmələrlə bağlı təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına orta hesabla gün ərzində 12 çağırış daxil olub.