...

Bakıda bir gecədə 8 sərxoş qadın sürücü aşkar edildi

Cəmiyyət Materials 17 Yanvar 2015 12:00 (UTC +04:00)
Çox təəssüf ki, sərxoş sürücülərdən 8-i qadın olub.
Bakıda bir gecədə 8 sərxoş qadın sürücü aşkar edildi

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) gecə saatlarında paytaxtda avtomobilləri sərxoş halda idarə edənlərin, polisin qanuni tələblərini yerinə yetirməyən sürücülərin aşkar edilməsi məqsədilə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə xüsusi reyd keçirib.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yanvarın 16-sı saat 21:00-dan başlayıb yanvarın 18-i saat 05:30-dək davam edəcək Bakının bütün rayonlarını əhatə edən reyddə 100-dən çox yol polisi əməkdaşı iştirak edib. Reydə BŞDYPİ-nin Yol-Patrul Xidməti Alayının komandiri, polkovnik Rəşadət Babayev rəhbərlik edib.

Bölmə rəisi qeyd edib ki, reyd zamanı yol polisi tərəfindən Bakının inzibati ərazisinə düşən küçə və prospektlərdə avtomobili sərxoş vəziyyətdə idarə edən 67 sürücü müəyyən edilib: "Çox təəssüf ki, sərxoş sürücülərdən 8-i qadın olub. Bundan əlavə, yol polisləri 11 avtoxuliqan aşkar ediblər. Polisin qanuni tələbini yerinə yetirməkdən yayınaraq aradan çıxmağa müvəffəq olmuş 7 sürücü barəsində raport təqdim edilib".

Reyd zamanı avtomobillərdə konstruksiya dəyişikliyi etmiş, avtomobili icazə verilməyən pərdə və plyonkalarla idarə edən sürücülər də aşkar edilib.

V.Əsədovun sözlərinə görə, təəssüf doğurucu haldır ki, reyd zamanı ayrı-ayrı vətəndaşlar tərəfindən yol polisinin fəaliyyətinə müdaxilə edilməsi cəhdləri və sürücülərin polis əməkdaşlarına qarşı aqressivlik göstərməsi halları qeydə alınıb: "Bundan başqa, sürücülərin əksəriyyəti məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışıblar. Buna baxmayaraq, qayda-qanunu pozanlar barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müxtəlif inzibati cəza tədbirləri görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti