...

Mübariz Qurbanlı: "Azərbaycanda radikal qruplar tam aradan qaldırılana qədər bu işləri davam etdirəcəyik"

Cəmiyyət Materials 5 Mart 2015 11:56 (UTC +04:00)
Son vaxtlar radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması, aradan qaldırılması üçün çox böyük işlər aparılıb və bu işlər artıq müsbət nəticələr verir.
Mübariz Qurbanlı: "Azərbaycanda radikal qruplar tam aradan qaldırılana qədər bu işləri davam etdirəcəyik"

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

"Son vaxtlar radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması, aradan qaldırılması üçün çox böyük işlər aparılıb və bu işlər artıq müsbət nəticələr verir. Bu yöndə hüquq-mühafizə orqanlarının, Milli Təhlükəsizlik Nazirliyinin, ideoloji qurumlarımızın apardığı işlər çox mühüm nəticələr verir. Bu mübarizə bir an da olsun dayandırılmayacaq! Biz ölkəmizdə həmin radikal qrupları tam aradan qaldırılana qədər bu işləri davam etdirəcəyik".

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında Azərbaycanda son zamanlar Milli Təhlükəsizlik Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən ölkədə radikal dini təmayüllü qrupların, xüsusən sələfi-xəvarici təriqətlərinin ardıcıllarından ibarət mütəşəkkil dəstələrə qarşı keçirilən əməliyyata münasibət bildirərkən deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün hazırda da bütün istiqamətlərdə iş gedir və bu işlər davam etdiriləcək.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan İslam ölkəsidir və islami dəyərləri, milli adət-ənənələri var: "Tarixən bizə nəsildən-nəslə ötürülən islami dəyərlərimizi qorumalıyıq, yaşatmalıyıq. Dövlətimiz, Prezident İlham Əliyev bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirir. Media da bu istiqamətdə fəaliyyət göstərir. Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik. Çünki bu, cəmiyyətin, milli adət-ənələrimizin, söykəndiyimiz islami dəyərlərin istəyidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti