Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də Yeni Azərbaycan Partiyası Nəsimi Rayon üzrə Cəmiyyətin Ərazi İlk Partiya Təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
"Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon üzrə Cəmiyyətin Ərazi İlk Partiya Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə cəmiyyətin sədr əvəzi Saleh Məmmədov açaraq Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışıb. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan YAP-ın ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə doğru inamla irəllədiyini diqqətə çatdırıb. Sədr əvəzi ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edən Azərbaycan gənclərinə böyük etimad göstərildiyini, diqqət və qayğının hər zaman olduğunu bildirib.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Mələhət İbrahimqızı Heydər Əliyev irsinin və siyasi dühasının ən layiqli varisi Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə göstərdiyi qayğıdan, gərgin və səmərəli fəaliyyətindən söz açıb.
Çıxış edən natiqlər bildiriblər ki, YAP-ın xalqın ən inamlı partiyası olmasını şərtləndirən digər vacib amil partiya sıralarına Azərbaycanın sağlam, intelektual gənclər ordusunun axınıdır.
Sonra Cəmiyyətin ərazi üzrə ilk partiya təşkilatının sədri Əvəz Qocayev hesabat məruzəsi ilə çıxış edib və onun yenidən sədr seçilməsi səs çoxluğu ilə qəbul olunub.
Sonda partiya sıralarına daxil olmuş bir neçə gəncə partiya vəsiqələri təqdim edilib.