...

Bayramda qovurğa qovurarkən...

Cəmiyyət Materials 16 Mart 2015 16:15 (UTC +04:00)
İlaxır çərşənbəni digər çərşənbələrdən fərqləndirən əsas cəhət onun ilin təhvil alınma dövrünə təsadüf etməsindədir.
Bayramda qovurğa qovurarkən...

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlhamə İsabalayeva/

İlaxır çərşənbəni digər çərşənbələrdən fərqləndirən əsas cəhət onun ilin təhvil alınma dövrünə təsadüf etməsindədir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Trend-ə deyib ki, ilin dəyişməsi anında təbiətdə müxtəlif kəskin təzadlar yaranır. Qədim insanlar isə təbiət hadisələrini canlı kimi təsəvvür etdiyindən bu təzadlar onları qorxudurdu: "Ona görə də müəyyən qurbanlar verir, mifoloji düşüncəsində ondan yaxa qurtarmaq üçün hansısa bir müqavimət yaradırdı. Bu da ilaxır çərşənbədə qapı pusma, qulaq falı, torba atma və digər halların icrası olub".

A.Əhmədli bildirib ki, digər çərşənbələrlə müqayisədə ilaxır çərşənbədə şər qüvvələr daha aktiv olur. Bu çərşənbə şər qüvvələrin fəallaşdığı bir dövr sayılır: "Bu bayramda qış şər qüvvələr şəklində obrazlaşdırılır. Çünki insanlar bu dövrdə qışın getməsini, baharın gəlişini arzulayırlar. Bu da xeyir və şər qüvvələrin mübarizəsidir. Bu mübarizə də xeyirin şərə qalib gəlməsi - həyatın yenilənməsi anlamında öz yerini tapır. Kosanın ölüb dirilməsi də bunu canlandırır".

O, qeyd edib ki, ilaxır çərşənbə qədimdən çox təntənəli qeyd edilib. Azərbaycanın bəzi bölgələrində, xüsusilə də qərb, şimal-qərb bölgəsində ilaxır çərşənbə Novruz bayramı səviyyəsində qeyd edilir.

Alimin sözlərinə görə, ilaxır çərşənbədə, o cümlədən Novruz bayramı günlərində kədərli olmaq, əli qoynunda dayanmaq olmaz. Çünki inanclara görə, insan kədərli olarsa, şər qüvvələri sevindirmiş olacaq. Od şər qüvvələri daha çox məğlub edən simvol olduğundan şərə qalib gəlmək üçün də od yandırmaq lazımdır: "İnsanlar həmin günü sevincli olmalıdırlar. Qapı pusma adətinin özü də insanları xəbərdar edir: gülüb-danışmaq, yaxşı əhvali-ruhiyyədə olmaq lazımdır ki, şər qüvvələr çəkilib getsin. Buğda bərəkət olmaqla yanaşı, şər qüvvələri qova bilən bir nemətdir. İnanclara görə, bayramda qovurğanın qovrulması zamanı divlərin sanki bağrı yarılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti