Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir Aygün/
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyada iştirak edən Naxçıvan şəhəri, Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayonlarının 45 şagirdi ikinci dəfə Gəncəyə gəlib. Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə 3 gün davam edəcək səfərdə məktəblilər ilk olaraq Gəncənin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olub, muzeyləri gəziblər.
Onlar Gəncə şəhəri ilə tanışlığa Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksindən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsindən başlayıblar. Məqbərənin qarşısında onları Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, təhsil və mədəniyyət idarələrinin nümayəndələri və KİV nümayəndələri qarşılayıblar. Məktəbliləri bayram münasibətilə təbrik edən N.Həmzəyev onlara Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin salamını çatdırıb. O, şagirdlərə Ulu öndərin Gəncəyə etdiyi səfərlərdən və Cənab İlham Əliyevin şəhərə göstərdiyi diqqət və qayğısından danısıb. Məktəblilərə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsinin çox mühüm əhəmiyyət kəsb etdiyini söyləyən N.Həmzəyev onlara daim dövlətçiliyimizə sədaqətli olmağı, uğurları, layiqli işləri ilə Vətənimizin adını ucaltmağı tövsiyə edib.
Sonra şagirdlər Nizami Gəncəvi Muzeyində görkəmli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla, qədim əl-yazmaları, nəfis tərtibatla yenidən nəşr olunmuş əsərləri ilə tanış olublar. Onlar "Xəmsə"ni əks etdirən daş kitabələri maraqla seyr ediblər. "İmamzadə" dini kompleksi ilə tanışlıq aksiya iştirakçılarının səfər təəssüratlarını daha da zənginləşdirib.
Məktəblilər dünyanın ən böyük parklarından biri olan Heydər Əliyev parkına gələrək orada ağaç əkiblər. Hər bir məktəbli əkdiyi ağaca öz adını əks etdirən lövhəcik asıb. Onlar "Möcüzələr məkanı" adlandırılan Park-Kompleksi sonsuz heyranlıql seyr ediblər.
"Heydər Əliyev Mərkəzi"ndə davam etdirilən gəzintidə məktəblilər Ulu öndərin mənalı həyatını, fədakar fəaliyyətini, misilsiz xidmətlərini əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya "Məhsəti Mərkəzi"ində, "Çökək hamam", Cavad xan türbəsində, "Cümə məscidi" tarixi abidəsində, Xan bağında davam edib. Məktəblilər ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarını ziyarət edərək gül-çiçək dəstələri qoyublar. Xan bağında xalq şairi Nigar Rəfibəylinin abidəsi önündə xatirə şəkilləri çəkilib.
Naxçıvan məktəbliləri qədim, gündən-günə gözəlləşən, müasirləşən, dünyanın aparıcı şəhərlərindən birinə çevrilən Gəncəyə səfərlərindən razı qaldıqlarını bildiriblər. Onlar sonra Şəmkirə yola düşüblər.