...

Azərbaycan Tarixi Muzeyində “Azərbaycanlıların soyqırımı” bölməsi genişləndirilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2015 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart/Trend, müxbir İlhamə İsabalayeva/

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında "Azərbaycanlıların soyqırımı" bölməsində reekspozisiya işləri tamamlanıb.

Muzeydən Trend-ə verilən məlumata görə, əvvəllər ekspozisiyada erməni şovinistlərinin azərbaycanlılara qarşı 1905-1906-cı illərdə, eləcə də 1918-ci ildə törətdikləri soyqırımlar əyani materiallar vasitələri ilə göstərilirdi. Yenidənqurma işləri ekspozisiyanın daha da zənginləşdirilməsi, əhatəli olması, Azərbaycan alimlərinin son dövrlərdə aşkar etdiyi yeni materialların əks olunmasını nəzərdə tutaraq aparılıb.

Belə ki, "1905-1906-cı illər hadisələri", eləcə də "Azərbaycan I Dünya müharibəsi illərində" bölmələri ilə tanış olan tamaşaçı "Azərbaycanlıların soyqırımı" bölməsinə daxil olur.

Bölmənin birinci otağının girişindəki informasiya panellərində 1917-ci ildə Rusiya imperiyasının parçalanması ilə Qafqazda yaranmış vəziyyət və 1918-ci ildə azərbaycanlıların soyqırımlarının səbəbləri göstərilib. Vitrinlərdə nümayiş olunan müvafiq fotomateriallar və tarixi sənədlər sübut edir ki, əzəli Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı törədilən soyqırımları həyata keçirən erməni dəstələri əslində Antanta ölkələri olan Rusiya, İngiltərə və Fransa tərəfindən Osmanlı imperiyası ilə müharibə aparmaq məqsədilə yaradılıb, zabit kadrları və ən müasir silahlarla təhciz olunub. Rusiya imperiyasının parçalanması ilə Qafqazda yaranmış vəziyyətdən yararlanmağa çalışan ermənilər xarici havadarların dəstəyindən istifadə edərək öz dövlətlərini yaratmaq məqsədləri ilə əzəli Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı divan tutmuşdular. Bakıda hakimiyyətə gələn və erməni- bolşeviklərin rəhbərlik etdikləri Bakı Soveti də yaranmaqda olan Azərbaycan dövlətinin qarşısını almağı, azərbaycanlıları fiziki olaraq məhv etmək istiqamətində fəaliyyət aparırdı.

"Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar (1918-1920)", "Bakıda 1918-ci il soyqırımı", "Qubada 1918-ci il soyqırımı", "Şamaxıda 1918-ci il soyqırımı" informasiya panellərində azərbaycanlıların soyqırımlarını sübut edən tarixi faktlar, müvafiq fotolar və tarixi sənədlərin surətləri verilib. "Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar (1918-1920)" xəritəsi sübut edir ki, soyqırımlar bütün Cənubi Qafqazda, İrəvan və Zəngəzurdan başlamış Bakı və Qubaya qarşı bütün əzəli Azərbaycan torpaqlarında həyata keçirilirdi.

"Fövqəladə Təhqiqat Komissiyası" adlı informasiya panellərində Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən azərbaycanlıların soyqırımlarını araşdırmaq məqsədi ilə yaradılmış komissiyasının fəaliyyəti əks olunub. İriölçülü fotopanellərdə FTK tərəfindən 1918-ci ildə çəkilmiş fotoşəkillərin surətləri verilib. Vitrinlərdə dövrün silahları, tarixi sənədlər, fotoşəkillər, eləcə də ayrıca podium üzərində Bakıda erməni sahibkarı Xatisovun zavodunda düzəldilmiş və 1918-ci il mart soyqırımları zamanı azərbaycanlılara qarşı istifadə olunmuş top nümayiş olunur. "Soyqırım hadisələrinin incəsənətdə əks olunması" panellərində tanınmış Azərbaycan rəssamları, dövrün hadisələrinin şahidləri Bəhruz Kəngərli və Əzim Əzimzadənin müvafiq rəsm əsərlərinin surətləri göstərilib.

"Yurdun alovu, ruhun atəşi" (azərbaycanlıların soyqırımında öldürülənlərin, lakin ruhlarının atəşilə vətən azadlığının tonqalını yandıranların xatirəsinə) adlı kompozisiya (heykəltəraş M.Rəşidov) azərbaycanlıların heç nəyə baxmadan azadlıq uğrunda mübariz əzmini nümayiş etdirir.

Bölmənin "Erməni vəhşilikləri davam edir: Xocalı soyqırımı" adlı ikinci otağı XX əsrin sonlarında da ermənilərin öz məqsədlərindən əl çəkmədiklərini, azərbaycanlılara qarşı soyqırım törətdiklərini sübut edir. Burada qurulan informasiya panellərində 1992-ci ilin fevralında Qarabağın Xocalı şəhərinin erməni vandalları tərəfindən işğal olunması, burada yaşayan azərbaycanlıların məhv edilməsini nümayiş etdirir. Vitrində Qarabağ uğrunda, Azərbaycanın müstəqillyi və ərazi bütövlüyü uğrunda vuruşmuş vətən oğullarının şəxsi əşyaları, silahları nümayiş olunur.

Ekspozisiyada olan bütün məlumatlar üç dildə - azərbaycan, rus, ingilis dillərində verilib.
Hadisələrlə bağlı ətraflı məlumat almaq istəyənlər üçün ekspozisiyada qurulmuş sensor kompyuterində tarixi məlumatlar, fotoşəkillər, tarixi sənədlərin surətləri yerləşdirilib. Eləcə də monitorda "Azərbaycanlıların soyqırımı" fotolardan ibarət slayd-filmi nümayiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti