Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/
Aprelin1-dən 3-dək Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyi dövlətinin rəhbərliyinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə aprelin 1-i saat 13:00-dan etibarən aprelin 3-dək qonaqların iştirak edəcəyi tədbirlər başa çatanadək paytaxtın bir sıra mərkəzi yolları istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək: "Belə ki, paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanından Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq və Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azneft dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov küçələri, eləcədə İçərişəhər, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və əks istiqamətlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq. Ona görə də sürücülərdən xahiş edilir ki, nəqliyyat sıxlığının yaşanmaması və tıxaclarda qalmamaları üçün qeyd edilən ərazilər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".