...

Dövlət Komitəsinin sədri: Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib

Cəmiyyət Materials 16 Aprel 2015 12:36 (UTC +04:00)
Bu gün baş verən məzhəblərarası münaqişələr əslində İslamın problemi deyil. Bu, İslamın kimlərinsə əlində vasitəyə çevrilməsindən irəli gəlir.
Dövlət Komitəsinin sədri: Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlkin İzzət/

Bu gün baş verən məzhəblərarası münaqişələr əslində İslamın problemi deyil. Bu, İslamın kimlərinsə əlində vasitəyə çevrilməsindən irəli gəlir. Bu da özünü dini münaqişələr şəklində biruzə verir. Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib. Xüsusən Qərbdə islamafobiyanın yaranmasına səbəb olur.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakıda "İslam maarifçiliyi və müasir dövr" mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bildirib.

Onun sözlərinə görə, İslam dini öz ardıcıllarının sayına görə dünyada 2-ci yerdədir və bu gün dünyanın elə yeri yoxdur ki, orda İslam dini yayılmasın: "İslam dünyadakı siyasi-ictimai həyata təsir göstərir. Hazırda dünyadakı silahlı münaqişələr və digər problemlərin həlli üçün çağırışlar İslam dini üçün də aktualdır. Dünyadakı problemlərin həlli üçün bütün dünya xalqlarının, bütün dini mənsubların birləşməsi vacibdir. Hazırda dünyada 80-ə yaxın alovlanmış silahlı münaqişə var. Təəssüf ki, onların çoxu İslam ölkələrinə xasdır. Onların arasında xüsusilə təriqətlərarası, məzhəblərarası münaqişələr üstünlük təşkil edir. Bu cür münaqişələrin aradan qaldırılması üçün səylərin birləşməsi vacibdir".

M.Qurbanlı qeyd edib ki, müasir dövrdə İslam maarifçiliyinin özünəməxsus xüsusiyyətləri var: "İslam maarifçiliyi İslam dini ilə başqa dinlərin birgə yaşayışını Quranda olan və Peyğəmbərdən gələn prinsiplər üzərində təşviq və təbliğ edir. İslam dini insanları bir-birinə əl tutmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırır. İslamı yalnız radikalların simasında görüb onu elə təbliğ etmək istəyənlər islamafobiyaya rəvac verə bilərlər. Lakin elm aləmində İslamafobiya müşahidə olunmur. Çünki alimlər İslamın mahiyyətini anlayırlar. Qərb alimləri İslam dünyasının bilgilərini əxz edərək onları mənimsəyib universitetlərində tədris ediblər. Bu gün də onlar Avropada tədris olunur".

Komitə sədri bildirib ki, bu gün Avropada müxtəlif qruplar meydana gələrək İslam əleyhinə çağırışlar edirlər: "Onlar əsl İslama qarşı deyil. Onların bəziləri faşist ideologiyasının ardıcıllarıdır. Amma orada özünü elm adamı kimi təqdim edənlər də var. Ona görə də İslam maarifçiliyi böyük əhəmiyyət daşıyır. İslam maarifçiliyi məsələsində İslam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var. Bu işə elm, tədris mərkəzləri, QHT-lər cəlb edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti