Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlkin İzzət/
FHN-in Bakı Regional Mərkəzi Nəsimi Rayon İcra Hakimiyyətində "Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr" mövzusunda rayon müşavirəsi keçirib.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 16 aprel 2015-ci il tarixində Nəsimi Rayon İcra Hakimiyyəti və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə "Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr" mövzusunda rayon müşavirəsi keçirib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Nəsimi rayonunda Oyunların hazırlığı dövründə görülən işlər barəsində ətraflı məlumat verib, eləcə də rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulayıb.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev "Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr" mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təchizatı idarələri və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışıb.
BAOƏK-in Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin təqdimatla çıxış edərək Oyunların təşkili mərhələləri, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə danışıb.
Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.
Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.