...

Bakıda insan alveri cinayətləri 35 faiz azalıb

Cəmiyyət Materials 22 Aprel 2015 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2015-cü ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, yola saldığımız 2015-cü ilin ilk 3 ayı da respublikamız üçün əlamətdar olub. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycanın uğurlu inkişafı davam edib, respublikamızın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu daha da artıb, sosial-iqtisadi problemlər öz həllini tapıb. Bütün bu uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin (DİN) üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib. Nazir Ramil Usubovun rəhbərliyi ilə əldə edilən bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan Bakı Şəhər BPİ-nin də xüsusi xidmətləri olduğunu diqqətə çatdıran Baş İdarənin rəisi hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib.

Daha sonra 2015-ci ilin I rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə müşavirə iştirakçılarına təqdim edilib. Qeyd olunub ki, hesabat dövründə Bakı şəhərində DİN və prokurorluq üzrə ümumən 2.933 (ötən il 2.957) cinayət qeydə alınıb, onların 2.402-i və ya 81,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 531-i və ya 18,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 7,0%, az ağır cinayətlər 5,9%, böyük ictimai təhlükə törətməyən cinayətlər 4,0%, mülkiyyət əleyhinə cinayətlər 0,2%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluğu 3,8 dəfə, xüsusi əmlak oğurluğu 10,7%, mənzillərdən oğurluq 11,4%, avtonəqliyyat oğurluğu 11,1%, insan alveri cinayətləri 35,3% azalıb, xuliqanlıq cinayətləri isə sabit qalıb.

Ümumi cinayətlərin 68,7%-nin (ötən il 66,4%), ağır növ cinayətlərin 75,5%-nin (ötən il 73,0%), bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin isə 56,8%-nin (ötən il 55,9%) açılması təmin olunub.

Bununla yanaşı, hesabat dövründə qeydə alınmış 444 şəxsiyyət əleyhinə cinayətdən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 89,9%-nin (ötən il 86,4%), o cümlədən qəsdən adam öldürmələrin (ötən il 85,0%), eləcə də adam öldürməyə cəhdlərin, zorlamaların (ötən il 83,3%) hamısının açılması təmin olunub, keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin açılması 1,8%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətləri 5,7%, mülkiyyət əleyhinə cinayətlər 2,8%, xüsusi əmlak oğurluqları 4,3%, o cümlədən mənzil oğurluğu 3,1%, dələduzluq cinayətləri 4,9%, zorlama cinayətlərinin açılması 16,7%, hədə-qorxu ilə tələb etmələr 66,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 1,2% yaxşılaşıb.

Hesabat dövründə 18 soyğunçuluq və quldurluq cinayəti törətmiş 38 nəfərdən ibarət 15 qrup, eləcə də 29 mənzil oğurluğu cinayəti törətmiş 27 nəfərdən ibarət 12 qrup ifşa edilib, həmçinin bu müddətdə aşkar edilmiş 380 fakt üzrə qanunsuz dövriyyədən 108 kq 284 qram (ötən il 72 kq 616qr) narkotik vasitə çıxarılıb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, yol hərəkəti təhlükəsizliyinin təmini, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülüb, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.

Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Bakı şəhər BPİ-nin rəisi M.Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2015-ci ilin I rübündəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqları qeyd edib, onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin I Avropa Oyunları ilə əlaqədar əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Polis general-mayoru M.Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti