...

İstanbulda IV Dünya Türk Forumu öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2015 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gün İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Çanaqalla zəfərinin 100-cü ildönümünə ithaf edilən IV Dünya Türk Forumu (DTF) öz işinə başlayıb.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, forumun açılış mərasimində tədbirin əhəmiyyətini vurğulayan TASAM sədri Süleyman Şensoy 4 il əvvəl yaradılmış Dünya Türk Forumunun əsasını müstəqil türk dövlətlərindən başqa, türk diasporlarının da təşkil etdiyini və güclü təşkilatlanma prinsiplərinin olduğunu bildirib. S.Şensoy qeyd edib ki, Dünya Türk Forumunun strategiyasına uyğun olaraq, əvvəlki illərdəki kimi Forumda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olan və olmayan bütün müstəqil türk dövlətlərindən nümayəndələr iştirak edir: "Türk dünyası və diasporları arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün Çanaqqala ruhuna ehtiyac olduğu nəzərə alınaraq, Forum məhz bu tarixdə keçirilir".

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Makedoniyanın dövlət naziri Furqan Cako, Maldovanın Qaqauz yerinin sabiq rəhbəri Mixail Formuzal, Türk Akademiyasının prezidenti Darhan Kıdırali çıxış edərək Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Forum iştirakçılarını təbrik edib, Çanaqqala, Xocalı, Qarabağ və türk dünyasının bütün şəhidlərinin xatirəsini yad ediblər. Onlar Türkiyə və Azərbaycanın timsalında bütün türk dünyasına qarşı müşahidə edilən hücumların qarşısını almaq üçün bütün türkləri həmrəyliyə və birliyə çağırıblar.

Forumda çıxış edən V.Hacıyev Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Forum iştirakçılarını təbrik edib və döyüşlərdə üç minə yaxın azərbaycanlının həlak olduğunu vurğulayıb. O bildirib ki, qondarma "erməni soyqırımı"nın "100-cü ildönümü" ilə bağlı Azərbaycan diasporu dünyanın bir çox yerində tədbirlər keçirərək bu iddiaların yalan olduğunu, əsl soyqırıma ermənilərin deyil, türklərin, azərbaycanlıların məruz qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Dövlət Komitəsinin sədr müavini 1918-ci ildə erməni hərbi birləşmələri tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş soyqırım aktını da xatırladıb və aşkar edilmiş kütləvi məzarlıqların bu soyqırımı sübut etdiyini vurğulayıb. Çıxışının sonunda V.Hacıyev Azərbaycan və Türkiyənin üzləşdiyi haqsızlıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından Forumun işini yüksək qiymətləndirib.

Aprelin 26-dək davam edəcək Forum çərçivəsində əsasən yeni regional və qlobal idarəetmə, xalq diplomatiyası, media, informasiya, türk dünyası və diasporları üçün yeni perspektivlər, erməni məsələsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Cavid Vəliyev və başqaları var.

Ümumilikdə Foruma Türk dünyasından - 60-a yaxın ölkədən 450-dək nümayəndə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti