...

Tolerantlıq və qeyri-ayrıseçkilik: Azərbaycan təcrübəsi

Cəmiyyət Materials 30 Aprel 2015 16:57 (UTC +04:00)
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Əli oğlu Nəcəfov ATƏT-in İnsan Ölçüsü Komitəsinin Vyanada keçirilən iclasında “Tolerantlıq və qeyri-ayrıseçkilik: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat etmişdir.
Tolerantlıq və qeyri-ayrıseçkilik: Azərbaycan təcrübəsi

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Aprelin 21-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Əli oğlu Nəcəfov ATƏT-in İnsan Ölçüsü Komitəsinin Vyanada keçirilən iclasında "Tolerantlıq və qeyri-ayrıseçkilik: Azərbaycan təcrübəsi" mövzusunda təqdimat etmişdir. Trend E.Nəcəfovla müsahibəni təqdim edir.

- Öncə Sizdən xahiş edərdik ki, tədbir və onun əhəmiyyəti haqqında oxucularımıza məlumat verərdiniz.

- Məlum olduğu kimi, ATƏT təhlükəsizlik məsələləri ilə məşğul olan ən böyük regional təşkilatdır. 1975-ci ildə təsis olunmuş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (1994-cü ilədək təşkilat Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adlanırdı) Şimali Amerika, Avropa və Mərkəzi Asiyada yerləşən 57 dövlət üzvdür. ATƏT-in fəaliyyəti regionda münaqişələrin yaranmasının qarşısının alınmasına, böhran situasiyalarının tənzimlənməsinə və baş vermiş münaqişələrin nəticələrinin aradan qaldırılmasına yönəlmişdir. ATƏT təhlükəsizlik məsələlərinə 3 aspektdən (ölçüdən) yanaşır: siyasi- hərbi, iqtisadi- ekoloji və insan ölçüsü. Təhlükəsizliyin siyasi- hərbi ölçüsünə aid olan tərksilah, silahlara nəzarət, münaqişələrin qarşısının alınması, terrorizmə qarşı mübarizə, dövlətlər arasında etimadın güclənməsi və bu kimi digər məsələlər Vyanada hər həftə iştirakçı dövlətlərin nümayəndələri tərəfindən müzakirə olunur.

Təhlükəsizliyin iqtisadi və ekoloji aspektinə aid olan davamlı iqtisadi inkişaf, nəqliyyat və enerji təhlükəsizliyi, miqrasiyasiya proseslərinin tənzimlənməsi, ətraf mühitin qorunması, ekoloji təhlükələrin qarşısının alınması və digər bu kimi məsələlər Praqada ildə bir dəfə keçirilən ATƏT-in iqtisadi forumunda müzakirə olunur.

Təhlükəsizliyin insan ölçüsü dedikdə, cəmiyyətdə insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın təmin olunması nəzərdə tutulur. Daha konkret desək, təhlükəsizliyin insan ölçüsünə insan alverinə qarşı mübarizə, gender bərabərliyinin təmin olunması, etnik, dini azlıqların hüquqlarının qorunması kimi məsələlər daxildir. Hər il payızda Polşanın paytaxtı Varşava şəhərində bu məsələlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsünün İcra Olunmasına dair keçirilən iclasında müzakirə olunur.

Qeyd etmək lazımdır ki, müasir dövrdə təhlükəsizliyin bu 3 ölçüsündən insan ölçüsünün əhəmiyyəti artmaqdadır. Belə ki, müasir dövrdə dünyada, o cümlədən Avropa regionunda münaqişələrin çoxu təhlükəsizliyin insan ölçüsünə aid olan məsələlərlə, daha konkret desək, etnik, dini azlıqların hüquqlarının pozulması ilə bağlıdır. Etnik, dini azlıqların hüquqlarının pozulması cəmiyyətdə etnik millətçilik, islamofobiya, ksenofobiya, antisemitizm, irqi ayrıseçkilik kimi təhlükəli hadisələrin yayılmasında özünü büruzə verir.

Mənim Vyana şəhərində ATƏT-in İnsan Ölçüsü Komitəsində iştirak etdiyim tədbir təhlükəsizliyin insan ölçüsünə həsr olunmuşdur. Bu tədbirin mövzusu "Tolerantlıq və qeyri- ayrıseçkilik" idi. Sözügedən tədbirdə mən "Tolerantlıq və qeyri-ayrıseçkilik: Azərbaycan təcrübəsi" mövzusunda təqdimat etdim.

- Təqdimatınızda toxunduğunuz əsas məqamlarla bizi tanış edərdiniz.

- Qeyd etdiyim kimi, məruzəmin mövzusu "Tolerantlıq və qeyri-ayrıseçkilik: Azərbaycan təcrübəsi" idi. Çıxışımın əsas tezisi belə səslənirdi "Müasir dövrdə Azərbaycan Respublikası dünyanın ən tolerant ölkələrindən biridir". Bu tezisi əsaslandırmaq üçün arqument kimi konkret faktları, statistik göstəriciləri iştirakçı ölkələrin nümayəndələrinin diqqətinə çatdırdım. Qeyd olunan tezisin arqumentlərinin dinləyicilərə təsirini daha da artırmaq məqsədilə mən təqdimatımı Power Point proqramı vasitəsilə etdim. Bu, dinləyiciləri tezisi əsaslandıran arqumentləri, vacib fikirləri diqqətlə oxumağa imkan verirdi. Arqumentlərin böyük bir qismi fotoslaydlardan ibarət idi. Müxtəlif dini konfessiyaların nümayəndələrinə Azərbaycan xalqının, dövlətimizin hörmətini ifa edən bu fotoslaydlar olduqca effektli görünürdü.

Sözügedən tezisi əsaslandırarkən mən əvvəlcə tarixi faktlara istinad etdim. Belə ki, müasir dövrdə Azərbaycan Respublikasının dünyanın ən tolerant ölkələrindən biri olmasının mühüm tarixi səbəbləri vardır. Tarixən Azərbaycanın ərazisində müxtəlif etnik qruplara mənsub olan xalqların nümayəndələri yaşamışdır. Onların hüquqları dövlət tərəfindən həmişə qorunmuşdur. Etnik azlıqların nümayəndələri əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən heç vaxt təqibə, ayrıseçkiliyə məruz qalmamışdılar.

Multietnik dövlət olmaqla yanaşı Azərbaycan tarixən çoxkonfessiyalı bir dövlət olmuşdur. Təxminən 2500 il bundan öncə Dağ yəhudiləri İsraildən ölkəmizə gəlib burada məskunlaşmışdılar. Ölkəmizin ərazisi Zərdüştlüyün meydana gəldiyi yerlərdən biridir. Erkən orta əsrlərdə Azərbaycanda xristianlıq yayılmağa başlamışdır. Məlum olduğu kimi, 313-cü ildə Qafqaz Albaniyasında xristianlıq dövlət dini kimi qəbul edilmişdir. Və nəhayət Azərbaycanın ərazisi İslamın ilk yayıldığı yerlərdən biri olmuşdur. Ölkəmizin ərazisində müxtəlif dinlərin nümayəndələri bir yerdə dinc şəraitdə yaşamışdılar.

Azərbaycanın multietnik və çoxkonfessiyalı tarixi irsindən danışarkən qeyd etmək lazımdır ki, dünyada ölkəmiz kimi bu cür tarixi irsə malik olan dövlət çox azdır. Azərbaycanın bu unikal tarixi irsi onun sonrakı inkişaf mərhələlərində tolerantlığın, multikulturalizm siyasətinin inkişafı üçün əlverişli şərait yaratdı. Bu şəraitin reallaşmasında əsas rolu, sözsüz ki, Azərbaycan dövləti oynamışdır.

- Müasir dövrdə Azərbaycan Respublikasının dünyanın ən tolerant ölkələrindən biri olmasında dövlətin rolu nədən ibarət olmuşdur?

- Tariximizin müxtəlif mərhələlərində Azərbaycan dövləti ölkənin multietnik və çoxkonfessiyalılığını qorumağa çalışmışdır. O, heç vaxt etnik və dini azlıqların nümayəndələrini assimilyasiya etmək məqsədini qarşısında qoymamışdır. Bundan başqa Azərbaycan dövləti onların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atmışdır. Misal üçün, Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bəyannaməsində etnik, dini, gender mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibliyi göstərilir. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi müxtəlif xalqların nümayəndələrinin olmasını güstərmək olar. Bundan başqa, Azərbaycan Demokratik Cümhuriyyətinin "Etnik azlıqların ana dilində təhsil almaq hüquqları" qanununda etnik azlıqlara ana dilində təhsil almaq hüququ verilirdi.

18 oktyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, xüsusilə də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətinin əsasını qoydu. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyev multikulturalizmin hüquqi və siyasi müstəvidə yerini müəyyən etmişdir. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan Respublikasının multikulturalizm siyasətini əsas müddəaları aydın şəkildə 4 aşağıdakı maddədə göstərilmişdir: "Dövlət dili" Maddə 21, bənd 2; "Bərabərlik hüququ" Maddə 25, bənd 3; "Milli mənsubiyyət hüququ" Maddə 44, bəndlər 1, 2; "Ana dilindən istifadə hüququ" Maddə 45, bəndlər 1, 2. Azərbaycan Respublikasının multikulturalizm və tolerant ənənələrinə sadiqliyi digər hüquqi- normativ sənədlərdə də əks olunmuşdur.

Şübhəsiz ki, müasir dövrdə Azərbaycan Respublikasının dünyanın ən tolerant ölkələrindən birinə çevilməsində dövlətin rolu tək hüquqi- normativ sənədlərin qəbul olunması ilə məhdudlaşmır. Bu istiqamətdə dövlət digər mühüm işlər də görür. Belə işlər sırasında milli azlıqların siyasi hakimiyyətin bütün qollarında təmsil olunmalarını, yüksək vəzifə tutmalarını, onların ana dillərində məktəblərin fəaliyyət göstərməsini, qəzet və jurnalların nəşr olunmasını, radio verilişlərinin təşkil olunmasını və s. göstərmək olar.

Dövlətin tolerant və qeyri-ayrıseçkilik münasibətini milli azlıqlarla yanaşı müxtəlik dini icmaların nümayəndələrinə münasibətdə də görmək olar. Azərbaycan Respublikasının din siyasətinin əsas xüsusiyyətlərindən, o cümlədən üstünlüklərindən biri ölkədə rəsmi qeydiyyatdan keçmiş dini icmalara dövlət tərəfindən eyni münasibətin göstərilməsidir. Bu icmalara dövlət hərtərəfli yardım, o cümlədən maliyyə yardımı göstərir. Bakıda və bir çox regionlarımızda olan dini məbədlər dövlətin dəstəyi ilə tikilmiş və ya bərpa edilmişdir. Azərbaycan hökumətinin dini icmalara eyni cür münasibəti dinlərarası münasibətlərin inkişafına, müxtəlik dini icmaların bir-biri ilə əməkdaşlıq etmələrinə səbəb olan əsas faktorlardandır. Ölkəmizdə müşahidə olunan dinlərarası xoş münasibət dünyanın əksər ölkələrində yoxdur. Bu da müasir dövrdə ölkəmizin dünyanın ən tolerant ölkələrindən biri olmasına dair daha bir əyani göstəricidir.

Dövlətin ölkədə multikultural mühitin yaradılmasında rolunu qiymətləndirdikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmanlarla yaradılmış Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətini, Bilik Fondunu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini göstərmək olar. Mən çıxışımda Azərbaycan Respublikasının multikulturalizm siyasətinin həyata keçirilməsi istiqamətində bu qurumların fəaliyyəti haqqında dinləyicilərə ətraflı məlumat verdim.

- Sizin bu məzmunlu və maraqlı çıxışınıza ATƏT-in iştirakçı dövlətlərinin nümayəndələrinin reaksiyası necə oldu? Yəgin ki, onlar Sizə çoxlu sual verdilər.

- Çıxışım olduqca aktual bir məsələyə həsr olunmuşdur. Məndən əvvəl iclasda Antisemitizmə qarşı mübarizə üzrə ATƏT-in sədrinin şəxsi nümayəndəsi ravvin Endryu Beyker və İrqçiliyə, Ksenofobiyaya və Ayrıseçkiliyə qarşı mübarizə üzrə ATƏT-in sədrinin şəxsi nümayəndəsi Aleksey Avtonomov çıxış etdilər. Onlar çıxışlarında son zamanlar Avropada etnik, irqi və dini zəmində münaqişələrin artdığını narahatlıqla qeyd edərək bu istiqamətdə müvafiq ölçülərin götürülməsini xüsusi vurğuladılar. Dünyada, o cümlədən Avropada etnik, irqi və dini zəmində münaqişələrin artmasının qeyd olunduğu zaman mən ölkəmizin bu sahədə əldə etdiyi böyük nailiyyətləri göstərdikdə dinləyicilər mənim məruzəmi böyük maraqla qarşıladılar və mənə çoxlu suallar verdilər. Təxminən 10 ölkənin nümayəndəsi məruzəmlə bağlı çıxış etmək üçün iclasa sədrlik norveçli diplomat Robert Kvilledən söz istədilər. Onlar çıxışlarında məruzəmin informativ və maraqlı olduğunu qeyd etməklə yanaşı ölkəmizin tolerantlıq və qeyri-ayrıseçkilik sahəsində qazandığı uğurlarını alqışladılar, dövlətimizin multikulturalizm siyasətini dəstəklədilər. Suallara gəldikdə onlar əsasən ölkəmizdə tolerantlıq və qeyri-ayrıseçkilik sahəsində görülən işlər haqqında daha ətraflı məlumatın alınması ilə, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdikləri işlərlə bağlı idi. Lakin Ermənistanın nümayəndəsi həmişə olduğu kimi, təqdimatımla bağlı çıxışında ölkəmiz haqqında yalan məlumatları yaymaqla məşğul idi. ATƏT-in sözügedən iclasının gündəliyindən Azərbaycan Respublikasının dövlət nümayəndəsinin çıxışının olduğunu bilən Ermənistanın nümayəndəsi tədbirdən əvvəl böyük bir mətn hazırlamışdır. Bu, onun çıxışında açıq- aydın görünürdü. O, mənim təqdimatımla bağlı digər çıxış edənlərdən fərqli olaraq ölkəmizə qarşı yalanlarla dolu əvvəlcədən hazırladığı mətni oxuyurdu və çıxışı olduqca böyük idi. Ermənistanın nümayəndəsi çıxışında mənim təqdimatımdan irəli gələn məsələlər əvəzinə bir tərəfdən ölkəmiz haqqında qərəzli fikirləri səsləndirirdi, digər tərəfdən isə Ermənistanın tolerant ölkə olduğunu göstərmək istəyirdi. Məsələn, onun dediyinə görə Yerevanda müxtəlif etnik qruplara mənsub olan böyük müsəlman icması vardır. Mənim təqdimatımda göstərdiyim Azərbaycan Respublikasının Şəki rayonunda və Dağlıq Qarabağ ərazisində yerləşən Alban kilsələrini isə o, utanmadan erməni-qroqorian kilsələri kimi təqdim edirdi. Sözsüz ki, cavab çıxışımda mən Ermənistanın nümayəndəsinin dediklərinin həqiqətə uyğun olmadığını konkret faktlarla göstərdim. Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış məscidlərin, mədəniyyət abidələrinin foroslaylarını və Bakının mərkəzində yerləşən və qorunan erməni kilsəsinin şəkilini dinləyicilərə göstərərək mən onlara kimin haqlı olduğunu sübut etdim. Bundan başqa mən cavab çıxışımda Qafqaz Albaniyasının tarixinin əsas mərhələlərini, xüsusilə ermənilərin Albaniyanın maddi mədəniyyətinin abidələrini mənimsəmələrini dinləyicilərin nəzərinə çatdırdım. Fikrimcə, Qafqaz Albaniyası ilə bağlı verdiyim məlumat iştirakçı dövlətlərin nümayəndələrinə maraqlı göründü. Bu məlumat erməni diplomatının yalanlarını ifşa etməkdə mühüm rol oynadı. Bununla əlaqədar bir məsələni oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin təşəbbüsü ilə Qafqaz Albaniyasının tarixinin əsaslı şəkildə öyrənilməsinə start verilmişdir. Əsas məqsəd tarixi ədaləti bərpa etmək və Azərbaycan həqiqətlərini dünyaya yaymaqdır. Prioritet vəzifələrdən biri albanların varislərinə onların maddi mədəniyyətlərini qaytarmaqdır. Məlum olduğu kimi, 1836-cı ildə Rusiya imperatoru I Nikolay öz fərmanı ilə Alban apostol kilsəsinin idarəçiliyini erməni-qroqorian kilsəsinə vermişdir. Qafqaz Albaniyasının tarixinə sahib çıxmaq məqsədini əsas götürən, Alban apostol kilsəsinin irsini mənimsəyən erməni-qriqorian kilsəsi bu fərmandan istifadə etmiş, Azərbaycan torpaqlarına iddialarını əsaslandırmağa çalışmışlar. Erməniliyin (erməni-qriqorian kilsəsi, erməni lobbisi, erməni millətçi partiyalarının tandemi - red.) əsas məqsədi XIX əsrin birinci otuzilliyində ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülmələri faktını inkar etmək, onların burada qədim dövrdən yaşadıqlarını göstərmək olmuşdur. Ermənilik erkən orta əsrlər dövründə Azərbaycan ərazilərində salınmış Alban xristian kilsələrini erməni kilsələri kimi dünya ictimaiyyətinə təqdim etməklə, ermənilərin bizim torpaqlarımızda avtoxton xalq olduqlarını göstərməkdir. Lakin tarixi faktlar göstərir ki, Alban apostol kilsəsinin həqiqi mədəni və dini varisləri hazırda Azərbaycan Respublikasının vətəndaşları olan udi və ingiloylardır. Alban apostol kilsəsinin irsi birbaşa Azərbaycana və onun tarixinə məxsusdur. Hazırda Azərbaycan dövləti Alban apostol kilsəsinin avtokefallığının, yəni müstəqilliyinin bərpası istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirir. Bu tədbirlərin əsas məqsədi, vaxtilə ermənilik tərəfindən mənimsənilmiş, Azərbaycan torpaqlarında yerləşən Qafqaz Albaniyasının maddi mədəniyyət abidələrini alban etnik qruplarına qaytarmaq və onların göstərilən irsə olan hüquqlarını bərpa etməkdir. Belə tədbirlərdən biri bu yaxınlarda aprelin 21-də İtaliyanın paytaxtı Roma şəhərində "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda keçirilmiş Beynəlxalq Elmi konfransdır. Azərbaycan və xarici tədqiqatçıların iştirakı ilə keçirilən bu konfransın əsas hədəflərindən biri alban dini və mənəvi irsinin həqiqi varislərinin ermənilər deyil, albanlar olduğunu dünya ictimaiyyətinə çatdırmaq idi.

Oxucularımızın nəzərinizə onu da çatdırım ki, Xidmətin Qafqaz Albaniyasının tarixinin əsaslı şəkildə öyrənilməsi ilə bağlı təşəbbüsü yuxarıda qeyd olunan təhlükəsizliyin insan ölçüsünün tərkib hissəsi olan dini azlıqların hüquqlarının müdafiəsi tələbindən irəli gəlir.

Nəyahət, Vyana şəhərində etdiyim təqdimatla bağlı onu da qeyd edim ki, ATƏT-də bu cür təqdimatı hər bir iştirakçı dövlət edə bilər. Bu, dövlətə onun müəyyən sahədə əldə etdiyi nailiyyətləri dünyaya yaymaq üçün əlverişli imkan verir. Son 5 ildə burada Azərbaycan Respublikası 3 dəfə təqdimat etmişdir. Ermənistan isə heç bir dəfə də etməmişdir. Ermənistanın bu mövqeyini anlamaq çətin deyil. Bu işğalçı, terrorçu dövlətin təhlükəsizliyin nə siyasi- hərbi, nə iqtisadi- ekoloji, nə də ki insan ölçüsü üzrə qazandığı heç bir nailiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti