...

"Heydər Əliyevin ən çox sevdiyim şəkli"

Cəmiyyət Materials 8 May 2015 15:35 (UTC +04:00)
ADA Universitetində “Heydər Əliyevin ən çox sevdiyim şəkli” adlı tələbə-şagird yarışmasının qalibləri mükafatlandırılıb.
"Heydər Əliyevin ən çox sevdiyim şəkli"

Azərbaycan, Bakı, 8 may /Trend/

ADA Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Heydər Əliyevin ən çox sevdiyim şəkli" adlı plakat yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

132-134 nömrəli təhsil kompleksi ilə birgə təşkil edilən yarışmada ADA Universiteti tələbələri və təhsil kompleksinin şagirdləri verilən mövzu üzrə birgə çalışaraq 13 plakat hazırlamışdılar. Münsiflər heyəti onların arasından üç komanda seçərək qaliblərə müxtəlif elektron oxu mobil cihazları hədiyyə etmişdir. Birinci yerə ADA Universitetinin tələbəsi Çingiz Zeynallı, 132-134 nömrəli təhsil kompleksinin şagirdləri Mədinə Hüseynova və AğaCəfər Səfərovun birgə hazırladıqları, üzərində müstəqil Azərbaycan dövlətinin xəritəsi hüdudlarına yerləşdirilən ulu öndərin fotosu və "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir" sözləri əks edilən plakat çıxmışdır.

Mərasimdə ADA Universitetində Təhsilin İdarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, ADA Universitetinin Tədris İşləri üzrə prorektoru Rameşvar Kanvar, ADA Universitetinin Hökumət, Beynəlxalq Münasibətlər və Tələbə Əlaqələri üzrə prorektoru Fariz İsmayılzadə, eləcə də universitetin apparat rəhbəri Şəfəq Mehrəliyeva çıxış edərək yarışma iştirakçılarına yaradıcı və səmimi yanaşmalarına görə minnətdarlıqlarını bildirmiş, münsiflər heyəti gözündə bütün yarışma iştirakçılarının "qalib" olduğunu qeyd etmişdilər.

Dekan Vəfa Kazdal, vurğulamışdır ki, bu maraqlı müsabiqə çərçivəsində mayın 4-7-i ADA Universitetində nümayiş etdirilən plakatlar onları seyr edən bütün tələbələri "Heydər Əliyevin ən çox sevdiyim şəkli" mövzusunda düşündürmüş, bir vətəndaş kimi ulu öndərin irsini necə davam etdirə biləcəkləri barədə fikir mübadiləsinə təkan vermişdir. 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova da yekdil olaraq bu kimi layihələri ümummilli lider Hedyər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri və onun irsinin gənc nəslə aşılanmasına töhfə kimi dəyərləndirmişdir.

Xatırladaq ki, bu ilin fevral ayında əldə edilən razılaşmaya əsasən 132-134 nömrəli təhsil kompleksi ADA Universitetində Təhsilin İdarə edilməsi fakültəsi üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanması, yüksək ixtisaslı professor-müəllim kadrların yetişdirilməsi məqsədi ilə baza məktəbi kimi istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti