...

Tovuzun daha bir kəndinin içməli su problemi həll olundu (FOTO)

Cəmiyyət Materials 5 İyun 2015 17:21 (UTC +04:00)
Tovuz rayonunun içməli sudan əziyyət çəkən Düz Cırdaxan kəndinin içməli su təchizatı sistemlərinin yaradılması layihəsinin icrası uğurla başa çatdırılıb.
Tovuzun daha bir kəndinin içməli su problemi həll olundu (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Tovuz rayonunun içməli sudan əziyyət çəkən Düz Cırdaxan kəndinin içməli su təchizatı sistemlərinin yaradılması layihəsinin icrası uğurla başa çatdırılıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Düz Cırdaxan kəndinə içməli suyun verilməsi ilə bağlı təşkil olunmuş tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər rayonda həyata keçirilən sosial və infrastruktur layihələri barədə məlumat verib, içməli su və kanalizasiya layihələrinin əhəmiyyətindən danışıb. O, Düz Cırdaxan kəndinin içməli su probleminin həllini böyük hadisə adlandırıb, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Tovuz rayonundan millət vəkili seçilmiş Qənirə Paşayeva layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edərək, "Azərsu" ASC tərəfindən layihənin icrasının qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirib: "Düz Cırdaxan kəndinin içməli su probleminin həlli ilə bağlı müraciətimizə "Azərsu" rəhbərliyi müsbət cavab verdi və qısa zamanda lazımi materiallar göndərilərək işlərə başlandı və yerli sakinlərin içməli su problemi birdəfəlik həll olundu".

"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: "Möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "Azərsu" ASC-nin sifarişi əsasında hazırda 29 şəhər və rayon mərkəzində su-kanalizasiya layihələri icra olunur. Bu layihələr çərçivəsində rayon mərkəzlərinə yaxın, həmçinin magistral kəmərlərin marşrutu boyunca yerləşən kəndlərin də içməli su təchizatı yaxşılaşdırılır. İçməli su çatışmazlığı müşahidə olunan bəzi kəndlərdə isə təxirəsalınmaz layihələr icra edilir. Tovuz rayonunun Düz Cırdaxan kəndi üçün ötən il layihə işlənib hazırlanmış və qısa müddətdə tikinti-quraşdırma işləri başa çatdırılmışdır".

Tədbirdə çıxış edən kənd sakinləri Düz Cırdaxan kəndinin içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 2014-cü ilin yayında icrasına başlanmış layihəyə əsasən, su mənbəyi Tovuzçay seçilib və çay yatağında 95 metr uzunluğunda suqəbuledici qurğu (drenaj qurğusu) yaradılıb. Su mənbəyindən kəndə çəkilmiş 18,5 km mövcud magistral su xəttinin 3,5 km-lik hissəsi əsaslı şəkildə bərpa edilib, kənd ərazisində dik dayaq və bulaq kompleksi quraşdırılıb. Layihənin icrası Düz Cırdaxan kəndinin 2816 sakinin içməli su təchizatını yaxşılaşdırıb.
"Azərsu" ASC hazırda Tovuz və Qovlar şəhərləri ilə yanaşı, rayonun 13 kənd yaşayış məntəqəsinə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti