...

Ramazan ayında məscidlərdə azan verilməsi bağlı monitorinqin nəticələri açıqlandı

Cəmiyyət Materials 30 İyun 2015 17:15 (UTC +04:00)
Aparılan monitorinqlər göstərir ki, bu il Azərbaycanda müqəddəs Ramazan ayında hələ ki, məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdən kənar vaxtlarda azan verilməsi hallarına rast gəlinməyib.
Ramazan ayında məscidlərdə azan verilməsi bağlı monitorinqin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

Aparılan monitorinqlər göstərir ki, bu il Azərbaycanda müqəddəs Ramazan ayında hələ ki, məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdən kənar vaxtlarda azan verilməsi hallarına rast gəlinməyib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd edilib ki, DQİDK-nın əməkdaşları tərəfindən həm paytaxtda, həm də bölgələrdə aparılan monitorinqlər zamanı hər hansı xoşagəlməz hal aşkarlanmayıb. Bundan əlavə, belə halların olması ilə əlaqədar vətəndaşlar tərəfindən də Komitəyə müraciət daxil olmayıb: "Hələ ki, Azərbaycanda QMİ-nin tərtib etdiyi Ramazan təqvimindən başqa uyğunsuz təqvimlərin insanlar arasında kütləvi yayılması, eləcə də həmin təqvimdən kənar vaxtlarda məscidlərdə azan verilməsi faktları müşahidə edilməyib".

DQİDK-dan bildiriblər ki, QMİ-nin tərtib etdiyi Ramazan təqvimi həm İdarə, həm də Dövlət Komitəsi tərəfindən Azərbaycandakı bütün məscidlərə, o cümlədən məscidlərdə ibadət etməyə gələn insanlara paylanıb, bu barədə vətəndaşlar arasında geniş məlumatlandırma işi aparılıb.

Qeyd edək ki, Ramazan ayı ərəfəsində QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə əvvəlki illərdə bu müqəddəs ayda fərqli təqvimlər əsasında Azərbaycanda tərtib olunmuş təqvimə uyğun olmayan azanların verilməsini ixtilaf cəhdi kimi qiymətləndirərək DQİDK-dan belə hallara qarşı ciddi tədbirlər görülməsini xahiş etmişdi.

Xatırladaq ki, QMİ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında Ramazan ayının günləri, namaz vaxtları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim tərtib edib. Həmin təqvimə əsasən, 2015-ci ildə Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə iyunun 18-nə təsadüf edib. Eydül-Fitr (Fitr bayramı) isə iyulun 18-də olacaq və həmin gün ölkədə bayram namazı qılınacaq.

QMİ-nin Ramazan ayı ilə bağlı fitvasında deyilir: "Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti