...

Dövlət Sosial Təminat Xidməti 6 aylıq hesabatını açıqlayıb (FOTO)

Cəmiyyət Materials 10 İyul 2015 13:49 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidməti (DSTX) tərəfindən cari ilin 6 ayı ərzində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Dövlət Sosial Təminat Xidməti 6 aylıq hesabatını açıqlayıb  (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidməti (DSTX) tərəfindən cari ilin 6 ayı ərzində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda Xidmətin rəisi Çingiz Əliyev ölkəmizin sürətli makroiqtisadi inkişafı şəraitində əhalinin sosial təminatının da daim gücləndirildiyini, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının ilbəil artdığını vurğulayıb.

Ç.Əliyev sosial-iqtisadi inkişaf proseslərinin və dövlət sosial yardımlarının təyinatında şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində bu yardımların alan ailələrin sayının cari ilin 6 ayı ərzində 20,5 % azaldığını, bir ailə üzrə ödənilən yardımın orta aylıq məbləğinin isə 12,1% artaraq 141,53 manata çatdığını bildirib. Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması yönündə aparılan işlərdən bəhs edən Xidmət rəisi hesabat dövründə sosial müavinət və təqaüd təminatı sahəsində işlərin uğurla davam etdirildiyini göstəricilər əsasında diqqətə çatdırıb.

O, hazırda sosial işçilər tərəfindən 12850 nəfərdən çox şəxsin evdə sosial məişət xidməti, habelə sosial sifarişlər əsasında 1500 nəfər ehtiyacı olan uşağın ixtisaslaşmış sosial reabilitasiya xidmətləri ilə təmin olunduğunu qeyd edib.

Bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin dövlət büdcəsi hesabına minik avtomobili ilə təminatı xeyli sürətlənib. Ötən il 2014-cü ilin mart ayınadək növbədə olan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə minik avtomobilləri təqdim edilib. Sonrakı dövrdə avtomobil növbəsinə dayananların da avtomobilə təmin olunması üçün müvafiq işlər aparılır.

Ötən ay Tərtər rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib, hazırda bu təbəqələrdən olanlar üçün Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış binaları, 52 rayonda 379 fərdi ev inşa olunur. Respublikanın ayrı-ayrı şəhərlərində hazır binalardan alınmış mənzillər də təmir olunduqdan sonra müharibə əlilləri və şəhid ailələrinə təqdim olunacaq.

Cari ilin 6 ayı ərzində sosial xidmət müəssisələrinin fəaliyyəti, de-institisionalizasiya tədbirləri, sağlamlıq imkanları gənclərin peşə reabilitasiyası, əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, imtiyazlı vətəndaşların sanatororiya-kurort putyovkası (yollayışı) ilə təmin edilməsi sahələrində görülən işlərdən də söz açılıb.

Əlilliyi olan şəxslərin asudə vaxtının səmərəli təşkilinin diqqətdə saxlanıldığı qeyd olunaraq, təkcə cari ilin 6 ayında 780 nəfərdən çox belə şəxsin ölkənin səfalı bölgələrindəki sağlamlıq və istirahət mərkəzlərinə göndərildiyi bildirilib. Hesabat dövründə sosial cəhətdən həssas qrupların təminatının gücləndirilməsi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu iclasda əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən əməkdaşlarla bağlı inzibati tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti