...

Azərbaycanda restoranlarla bağlı yeni təklif

Cəmiyyət Materials 8 Avqust 2015 11:33 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkədə turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün restoranlara xaricdən gələn turistlərə güzəştli qiymətlərlə xidmət göstərməsini, eyni zamanda əyləncələri proqramlar təşkil etməsini təklif edir.
Azərbaycanda restoranlarla bağlı yeni təklif

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkədə turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün restoranlara xaricdən gələn turistlərə güzəştli qiymətlərlə xidmət göstərməsini, eyni zamanda əyləncələri proqramlar təşkil etməsini təklif edir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov deyib.

Onun sözlərinə görə, xaricdən Azərbaycana gələn turistlərin şikayətlərindən biri də restoranlarda qiymətlərin baha olmasıdır. Bunu nəzərə alaraq, assosiasiya restoranlara Azərbaycana xaricdən gələn turistlər üçün müəyyən güzəştlər tətbiq etməyi təklif edir.

AzTA belə güzəştlər edəcək restoranların sıyahısını hazırlayaraq, onları yerli turizm şirkətlərininin xaricdəki partnyorlarına və xarici turistlərə tövsiyə edəcək:

"Belə bir təşəbbüs ilk dəfə olaraq, bizim tərəfimizdən irəli sürülüb. Bu şərtlərlə turistlərin qəbuluna hazır olan restoranları biz ölkəyə gələn turistlərə tövsiyə edəcəyik. Müəyyən broşüralarda, sərgilərdə hotellər reklam olunduğu kimi, həmin restoranlar da reklam ediləcək".

N.Bağırov deyib ki, yaxın zamanlarda başlanacaq bu işin ilk növbədə Bakıdakı restoranlarla aparılması nəzərdə tutulur. Daha sonra isə onun regionlarda davam etdirilməsi planlaşdırılır.

Assosiasiya rəsmisinin sözlərinə görə, güzəştləri yalnız böyük deyil, eyni zamanda kiçik restoranlar da edə bilərlər.

Güzəştlərin nə qədər olmasına gəldikdə, N.Bağırov hesab edir ki, güzəştin mübləği restoranların özlərindən asılıdır.

Onun sözlərinə görə, əsas məsələ restoranların xidmətləri çox baha qiymətə təqdim etməməsidir.

AzTA prezidenti bildirib ki, qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da restoranlar turistlərə normal əyləncəli proqramlar təqdim etsinlər: "Turist yalnız yemək deyil, həm də əyləncə istəyir. Bizim restoranlar bununla bağlı yaxın ölkələrin təcrübələrinə baxsınlar və görsünlər ki, onlar turistlərə necə şərait yaradırlar? Onlar yeməklərdən əlavə şou-proqram da təqdim edirlər. Bizdə isə restoranlarda belə proqramlar olmur. Xidmətin qiymətini baha edən restoran bunun müqabilində şou da təqidm etməlidir. Bizdə hətta elə restoranlar var ki, POS terminalları olduğu halda, çalışırlar ki, ödənişi kartla yox, nağd etsinlər. Belə hallara qarşı mübarizə aparmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti