Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlkin İzzət/
Qusar rayonu Urva kənd sakinləri Fövqəladə Hallar Nazirliyinin (FHN) inşa etdiyi yeni mənzillərə köçüblər.
FHN-nin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Qusar rayonunun Urva kəndi ərazisində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün Nazirlik tərəfindən inşa edilmiş 15 fərdi yaşayış evi avqustun 14-də istifadəyə verilib. Evlərin təhvil verilməsi münasibətilə təşkil olunmuş mərasimdə FHN əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
FHN-nin Şimal Regional Mərkəzinin rəisi polkovnik-leytenant Şahin Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü sosial siyasət nəticəsində hər bir azərbaycanlının həyat səviyyəsinin yüksəldiyini bildirib, təbii fəlakət nəticəsində evləri zərər görmüş kənd sakinləri üçün istifadəyə verilmiş mənzillərin buna bariz nümunə olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Qusar rayonu Urva kəndində 2009-cu ildə baş vermiş torpaq sürüşməsinin 2010-cu ildə yenidən aktivləşməsi nəticəsində evlər qəzalı vəziyyətə düşüb, kənd rayon mərkəzindən 10 kilometr uzaqlıqda və dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşdiyindən tikinti materiallarının daşınması zamanı, xüsusilə payız-qış aylarında bəzi çətinliklər yaranıb. Buna baxmayaraq FHN-nin əməkdaşları tikinti işlərini vaxtında və uğurla başa çatdırıblar. Yeni tikilmiş 15 evin inşaat işləri yüksək səviyyədə həyata keçirilib və müasir tələblərə tam cavab verir.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə, dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.