...

Nazirlik: Azərbaycanda qanunsuz balıq ovlayanların sayı azalıb

Cəmiyyət Materials 21 Avqust 2015 15:54 (UTC +04:00)
Azərbaycanda qanunsuz balıq ovu edənlərin sayı azalıb.
Nazirlik: Azərbaycanda qanunsuz balıq ovlayanların sayı azalıb

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanda qanunsuz balıq ovu edənlərin sayı azalıb.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların artrılması və mühafizəsi departamentinin baş müfəttişi İsmayıl Yunusov deyib. Onun sözlərinə görə, qanunsuz balıq ovu ilə məşğul olanların qarşısını almaq məqsədilə nazirlik əməkdaşları yerlərdə maarifləndirmə və təbliğat işləri aparır.

Əvvəlki illərlə müqayisədə bu sahədə xeyli irəliləyişlərin olduğunu deyən İ.Yunusov qeyd edib ki, artıq insanlar balıq ovu üçün bizdən icazə almağa üstünlük verirlər: "Çox təqdirəlayiq haldır ki, insanlarımız artıq qanunsuz yollarla yox, icazə ilə balıq ovlamağa çalışırlar. Bunun üçün bizə elektron qaydada müraciət edirlər. Təbii ki, insanların bu yollarla balıq ovu etməsində bizim əməkdaşların əməyi danılmazdır. İnsanların bu addımını alqışlamaq lazımdır. Bütün bunlara görə, qanunsuz balıq ovu ötən illərlə müqayisədə azalmaqdadır".

Bütün bunlara baxmayaraq, qanunsuz ov edənlərin də olduğunu söyləyən baş müfəttiş bildirib ki, belə hallarla rastlaşanda qanunsuz ov edənlərə qarşı akt tərtib olunur: "Əlbəttə ki, qanuni yolla ov etməyənlər də az deyil. Təbii ki, biz onlara qarşı tədbirlər həyata keçiririk. Qanunsuz ov etmə halları olanda, həmin qaydanı pozan insanlar cəzalandırılır. Ovladıqları balıqlar müsadirə olunur, ov alətləri onlardan götürülür. Protokol tərtib olunur və müvafiq hüquq mühafizə orqanına təqdim olunur. Sonra həmin şəxslər barəsində inzibat xətalar məcəlləsinin tələblərinə uyğun qaydada ölçülər götürülür. Hesab edirəm ki, cəzaların tətbiqi, eyni zamanda, maarifləndirici tədbirlərin aparılması sayəsində ildən-ilə bu sahədəki mənfi halları aradan qaldıra biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti