...

Əhməd Cəmil küçəsi təmirdən sonra tam yeni görkəmdə (FOTO+VİDEO)

Cəmiyyət Materials 24 Avqust 2015 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Elmir Murad/

Yolun hərəkət hissəsi uzun müddət sıradan çıxmış Yasamal rayonu Əhməd Cəmil küçəsinin bir hissəsi təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC tərəfindən Trend-ə verilən məlumata görə, küçədə təmir-tikinti işləri Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilib.

Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir. Təmir-tikinti işləri yolun Bəxtiyar Vahabzadə və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasındakı olan hissəsində, 520 metrlik ərazidə aparılıb. Burada köhnə asfalt-beton örtüyünün üst qatı yeni örtüklə əvəzlənib. Sözügedən ərazinin təqribən 6500 kvadrat metrlik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, Əhməd Cəmil küçəsində köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. Bura ümumilikdə 2500 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

Hazırda küçənin digər hissəsində, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında olan ərazidə təmir-tikinti işləri davam etdirilir. Yeni asflat-beton örtüyünün döşənilməsi üçün ərazi artıq hazır vəziyyətə gətirilib. Ümumilikdə, Əhməd Cəmil küçəsinin 14500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənilməsi planlaşdırılır.

Təmir-tikinti işləri Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliklərinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub.

Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti