Azərbaycan, Bakı, 24 avqust /Trend/
"Vətən uğrunda həlak olmaq əbədi həyat qazandırır" devizi altında keçirilən tədbir ordu ilə xalqın monolit birliyinin təntənəsinə çevrilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirliyin və Ağcabədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vətənpərvərlik tədbirləri artıq ənənə şəklini alıb.
Ağcabədililər on mindən çox iştirakçısı olan "Xalq və ordu birdir" teatrlaşdırılmış kütləvi vətənpərvərlik mərasiminin xoş təəssüratlarını hələ də unutmurlar. Rayon ictimaiyyətinin nümayəndələri tez-tez ön səngərlərə baş çəkir, Vətən müdafiəçilərinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik ruhunun yüksəldilməsində səylərini əsirgəmirlər. Ağcabədililər həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun öncüllərindəndirlər.
Mərkəzi Mədəniyyət evində keçirilən növbəti tədbirə rayonun ziyalıları, müharibə və əmək veteranları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və məktəbdənkənar, sinifdənxaric işlər üzrə təşkilatçı müavinləri ilə yanaşı, hərbi qulluqçular da dəvət edilmişdilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.
Ağcabədi rayon icra hakimiyyəti başçısı Şahin Məmmədov ulu öndər Heydər Əliyevin bir kəlamını xatırladaraq deyib ki, ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Bu mənada, Ağcabədi rayonunda da ordu mövzusu prioritetdir.
Nəzərə çatdırılıb ki, ağcabədililər keçən əsrin əvvəllərində erməni daşnaklarına qarşı, 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizmə qarşı, müstəqillik illərində isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həmişə rəşadət və şücaət nümunələri göstəriblər.
187 nəfər Ağcabədi sakini şəhidlik zirvəsinə ucalıb, 115 nəfər Qarabağ döyüşlərində sağlamlığını itirib, üç nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb, onlarla gənc müstəqil respublikamızın döyüş orden-medalları ilə təltif olunub.
Azərbaycan tarixinə Dövlət himnimizin müəllifi olan Üzeyir Hacıbəyli kimi, Şuşa qalasının əsasını qoymuş Pənahəlixan kimi görkəmli şəxsiyyətlər bəxş etmiş Ağcabədi elində bu gün də ordumuz üçün həm fiziki, həm də mənəvi cəhətdən sağlam, vətənpərvər gənclərin hazırlanması rayon rəhbərliyinin diqqət mərkəzindədir, ordu ilə xalqı sıx tellər birləşdirir.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Vətən uğrunda həlak olanların ölməzliyindən, onların xalqın yaddaşında əbədi yaşamasından, qəhrəmanlıq ənənələrinin şərəflə davam etdirilməsindən, şəhidlərin xatirəsinin dövlət səviyyəsində yüksək tutulmasından, şəhid ailələrinə, müharibə əlil və veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.
Polkovnik A.Qurbaninin həlak olduqları vaxtdan 71 il sonra müharibədən itkin xəbərləri gələn 5 nəfər Ağcabədi sakininin Moldova Respublikasında məzarlarının yerlərinin müəyyən edilməsi barədə xəbəri uzun illərin həsrətinə son qoyub. Qeyd olunub ki, həqiqətən Vətən uğrunda həlak olanlar heç vaxt ölmür, illər keçsə, əsrlər, nəsillər bir-birini əvəz etsə də onlar xatirələrdə əbədi yaşayırlar.
Millət vəkili Tahir Rzayev, Minəxorlu kənd ağsaqqalı Ramiz Həsənoğlu, Qarabağ müharibəsinin əlili, "Tərəqqi" medallı Ramil Nağıyev, kənd müəllimi Mahirə Eyvazova dövlət təhlükəsizliyimizin, Vətənin müdafiəsinin etibarlı təminatçısı olan Azərbaycan ordusunun bugünkü güc və qüdrətindən qürur duyduqlarını iftixar hissi ilə vurğulayıblar.
"Bu gün ordumuz sağlam mənəviyyata malik vətənpərvər qüvvələrdən ibarətdir. Biz işğal altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazırıq!", - deyən cəbhə bölgələrindən gələn əsgər və zabitlər tədbir iştirakçılarını əmin ediblər ki, onlar öz məsuliyyətlərini dərindən dərk edir, müstəqil Azərbaycan dövləti və xalqı qarşısında əsgəri borclarını şərəf və vicdanla yerinə yetirməyə çalışır və tezliklə xalqımızı Qarabağdan gətirəcəkləri zəfər müjdəsi ilə sevindirəcəklər.
Tədbirin sonunda xidməti borcunu yerinə yetirərkən həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri, şəhid Atayev Anar Mamed oğlunun ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ailəsinə təqdim edilib. Şəhid atası Mamed Hümbət oğlu şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və üç oğlu ilə birlikdə Qarabağ uğrunda döyüşlərə hazır olduqlarını bəyan edib.
Tədbirdən sonra iştirakçılar Şəhidlər Xiyabanında aparılan yenidənqurma işləri ilə tanış olublar.